Qafqaz News Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan Dəmir Yolları (ADY) və Azərbaycan Fotoqrafları Birliyi (AFB) Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi ilə fotoqrafiya sənətinin yaranmasının 165 illiyi münasibətilə “Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan edib.
Müsabiqənin məqsədi dəmir yollarının tarixini, inkişafını və müasir nailiyyətlərini fotoqrafiya vasitəsilə ictimaiyyətə çatdırmaq, ölkənin sosial-iqtisadi həyatındakı rolunu nümayiş etdirmək və bədii-sənədli fotosalnaməni zənginləşdirməkdir. Həm vətəndaşların, həm peşəkarların iştirakına qapalı olmayan müsabiqə yaş və təhsildən asılı olmayaraq hər kəsə açıqdı.
Təqdimatlar 3 noyabrdan 7 dekabra qədər davam edəcək. Bu müddətdə fotoaparat, smartfon və dronla çəkilmiş işlər qəbul olunur. İştirakçılar şərtlərə uyğun olaraq müəllifin adını, soyadını, ata adını, yaşadığı şəhəri və əlaqə nömrəsini fotomüsabiqe.ady@gmail.com ünvanına göndərməlidirlər.
Qiymətləndirmə peşəkar fotoqraflardan ibarət münsiflər heyəti tərəfindən aparılacaq. Qalib gələnlər I, II və III yerlər üzrə mükafat və diplomlarla təltif olunacaq: I yer – 500 AZN, II yer – 300 AZN, III yer – 200 AZN. Həmçinin bütün iştirakçılara sertifikat veriləcək və müsabiqə əsasında sərgi təşkil olunacaq.
Şərtlər arasında fotoların yalnız dəmir yolu mövzusuna aid olması, ən çox 5 foto əlavə edilə bilməsi, JPEG (JPG) formatı və uzun tərəfin 1500 piksel olması qeyd olunub. İşlər üzərinə müəllif imzası və ya loqo yerləşdirilməsi qadağandır; əsərin adı fotonun adında göstərilməlidir. Daxil edilən fotolarda rəng balansı və kontrast kimi sadə tənzimləmələrə icazə verilir; süni intellektlə hazırlanmış və ya dəyişdirilmiş fotolar qəbul olunmur. Şəxslərin razılığını əldə etmək məsuliyyəti isə müəllifə aiddir. Qalib fotonun orijinal versiyası tələb olunan halda təqdim olunacaq.
Əlaqə üçün əlavə məlumat və suallar üçün təşkilatçılarla +994 51 526 87 28 nömrəsi ilə əlaqə saxlamaq tövsiyə olunur.