Novaya qazeta adlı Rusiyanın ən məşhur müstəqil qəzetinin rəhbərliyi iyul ayında deyil, noyabr ayında fəaliyyətini dayandıracağını açıqlayıb. Qəzetin bəyanatında bildirilib ki, qərar uzun illər davam edən hakimiyyət və xüsusi xidmət orqanlarının təzyiqləri ilə bağlıdır.
Manset.az Musavat.com-a istinadən məlumat verir ki, jurnalistlər birgə bəyanat yayıblar: “Noyabrın 9-da 30 il yaşadığımız evin işıqını söndürəcəyik, serverləri bağlayıb gedəcəyik. Qəzet artıq yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdilər.”
Məlumata görə, redaksiya Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən binasından çıxarılır. Qəzetlə birlikdə həmin binada fəaliyyət göstərən, 2006-cı ildə qətlə yetirilmiş məşhur jurnalist Anna Politkovskayanın muzeyi də bağlanacaq.
Redaksiya əməkdaşlarının sözlərinə görə, çıxarılma barədə məktub onların oxucuların ianə göndərməsi üçün istifadə olunan sistemin fəaliyyətinin dayandırılması ilə eyni vaxtda çatdırılıb. Jurnalistlər bu vəziyyəti qəzetə yönəlmiş təzyiqin son mərhələsi kimi dəyərləndiriblər.
Bəyanatda qeyd olunur ki, Novaya qazeta-nın internet resursları bloklanır, mətbəəsi əlindən alınır, nəşriyyat kimi qeydiyyatına və buraxılışına dair məhdudiyyətlər tətbiq olunur. Təzyiqlər nəticəsində redaksiya əməkdaşlarının bir hissəsi Rusiyanı tərk etməyə məcbur olub.
Qəzetin tarixinə həmçinin jurnalistlərin qətlə yetirilməsi ilə bağlı xatirələr daxildir: İqor Domnikov, Yuri Şekoçixin, Anna Politkovskaya, Stanislav Markelov, Anastasiya Baburova və Natalya Estemirovanın adları bəyanatda çəkilir. Həmçinin redaksiya baş redaktor Dmitri Muratov-a qarşı hücumları da yada salınıb; hücum nəticəsində o, görmə qabiliyyətini itirə bilərdi.
Mətbu orqanı bildirir ki, baş redaktorun yorğunluğunu və hədə-qorxu altında davam edən təzyiqləri nəzərə alaraq, qəzetin bağlanması qərara alınıb. Nobel Sülh Mükafatına 2021-ci ildə layiq görülən Dmitri Muratov isə bu addımı sərt tənqid edib: “Biz ölmədik, onlar bizi öldürdülər – Konstitusiya ilə birlikdə.”
Qeyd edilməlidir ki, Novaya qazeta uzun illər Rusiyada hakimiyyət və korrupsiya hallarını araşdıran ən nüfuzlu müstəqil nəşrlərdən biri olub.