Qafqaz News Nocomment.az-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərini və “Şəxsi kabinet”lərini istifadə edənlər üçün hesabların təhlükəsizliyinin təmin olunması məqsədilə bir sıra ehtiyat tədbirləri tövsiyə olunur. Son aylarda kibertəhlükəsizlik sahəsində müşahidə olunan tehlükələr və zərərli proqram təminatlarının artması internet istifadəçilərinin şəxsi məlumatlarının qorunmasına dair diqqətin gücləndirilməsinə səbəb olur.

DİM vətəndaşlara öz hesablarına yalnız etibarlı və təhlükəsiz internet şəbəkələrindən, onlara məxsus və ya etibarlı cihazlardan daxil olmağı tövsiyə edir. Xüsusilə, tanınmayan internet klubları, ictimai kompüterlər və təhlükəsizliyindən əmin olunmayan digər cihazlar üzərindən şəxsi hesabların istifadəsindən çəkilmək məsləhət görülür.

Həmçinin istifadəçilərə şəxsi hesabların giriş məlumatlarını, şifrələri və təsdiq kodlarını digər şəxslərlə paylaşmamaq, tanımadıqları şəxslərdən gələn keçidlərə (linklərə) klikləməmək kimi təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur. DİM hesablarının və məlumatların qorunması həm informasiya sistemlərinin texniki mühafizəsi, həm də istifadəçilərin məsuliyyətli davranışından asılı olduğunu bildirir.

Dövlət İmtahan Mərkəzi vətəndaşları elektron xidmətlərdən istifadə zamanı diqqətli olmağa, şəxsi məlumatlarının qorunmasına məsuliyyətlə yanaşmağa və kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.