Qafqaz News Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Media və Yayım Şurasının təşəbbüsü ilə noyabr ayını əhatə edən “Rəqəmsal Media Ayı” çərçivəsində bir sıra tədbirlərə start verilib. Tədbirlərin əsas məqsədi cəmiyyətdə media savadlılığını yüksəltmək, müasir informasiya mühitinə dair bilik və bacarıqları inkişaf etdirmək, etibarlı məzmun yaradılmasını təşviq etmək və gənclərin bu sahədə peşəkar inkişafını dəstəkləməkdən ibarətdir. Həmçinin yeni texnologiyaların yaratdığı imkanlar barədə maarifləndirmənin artırılması və rəqəmsal platformalarda təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi nəzərdə tutulur.
Təlim proqramının ilk günündə rəqəmsal media trendləri, platforma alqoritmləri, şəxsi brendin formalaşdırılması və auditoriya ilə qarşılıqlı əlaqənin qurulması kimi mövzular üzrə çıxışlar dinlənilib. Rəqəmsal marketinq və süni intellekt sahəsində mütəxəssis olan Cəfər Nəcəfov “Rəqəmsal media trendləri və platforma alqoritmləri” mövzusunda çıxış edərək müasir informasiya mühitində alqoritmlərin məzmun yayılmasına təsirindən danışıb. Kontent yaradıcısı Pərviz Sadıqov isə “Şəxsi brend və auditoriya ilə qarşılıqlı əlaqə: rəqəmsal kontent strategiyaları” mövzusunda təqdimatla çıxış edib və şəxsi brendin inkişafı, hədəf auditoriyanın müəyyənləşdirilməsi və effektiv məzmun strategiyalarının hazırlanması üzrə tövsiyələr verib. Təlimlər müzakirələr və sual-cavab sessiyaları ilə davam edib.
Qeyd olunub ki, noyabr ayı ərzində müxtəlif hədəf qrupları üçün maarifləndirmə və inkişaf proqramları, praktiki təlimlər, seminarlar, şəbəkələşmə görüşləri və media kampaniyaları üzrə fəaliyyətlər planlaşdırılıb. Proqram çərçivəsində rəqəmsal media trendləri, sosial media platformalarının fəaliyyət prinsipləri, məzmun strategiyalarının hazırlanması, süni intellekt texnologiyalarının tətbiqi, informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə kimi mövzulara xüsusi diqqət yetiriləcək.