Qafqaz News Nocomment.az-a istinadən xəbər verir ki, Bakının Nəsimi rayonunda yerləşən və “Winter City Group” tərəfindən inşa olunan “Eleven Park” yaşayış kompleksinin tikintisi dayandırılıb. Sakinlərdən əldə edilən məlumata görə, ictimaiyyət üçün nəzərdə tutulmuş ünvanda qazıntı və söküntü işləri aparılan zaman mənzillərə ziyan dəyib. Bildirilir ki, işlər vətəndaşa məxsus mənzillərin giriş-çıxışına da mane olub, hadisə anında ambulans və yanğınsöndürən maşınların gəlişi üçün şərait yararsızlaşıb. Sakinlər həmçinin həyati təhlükə ilə üzləşdiklərini vurğalayaraq, icazəsiz kommunal xətlərin kəsildiyini bildiriblər. Bundan əlavə qeyd olunur ki, qazıntı əsasında mənzilin sanitar qovşağı tamamilə sökülüb və layihəyə görə bina bünövrəsinin alt hissəsi qazılıb. Bu səbəbdən yaşayış evlərinin divarları çatlayıb və dam örtüyü yararsız vəziyyətə düşüb. Nəsimi Rayon Məhkəməsində baxılan iş üzrə sakinlərin iddiası təmin edilib və maddi ziyanın ödənilməsi ilə bağlı yekun məhkəmə aktı qüvvəyə minənə qədər şirkətə söküntü və tikinti işlərinə qadağa qoyulub.