Fərdi sahibkarların sosial sığorta ödənişlərinin hesablanması qaydasında dəyişiklik baş tutub. 2026-cı il yanvarın 1-dən etibarən ödənişlər fəaliyyət göstərilən əraziyə görə deyil, sahibkarın əldə etdiyi gəlirdən asılı olacaq.

Yeni qaydalara əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdalında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.

“Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsinə edilən dəyişiklik regionlar üzrə əvvəlki fərqləndirməni ləğv edir. Belə ki, 2026-cı il yanvarın 1-dək sığorta haqqı sahibkarın fəaliyyət göstərdiyi sahə və ərazidən asılı olaraq minimum aylıq əməkhaqqının müəyyən faizi əsasında hesablanırdı. Bakı şəhərində 100 faiz, Sumqayıt və Gəncə üzrə 90 faiz, digər şəhərlərdə 80 faiz, rayon mərkəzləri və qəsəbələrdə 60 faiz, kənd yerlərində isə 50 faiz səviyyəsində nizamlanırdı.

Yeni hesablama qaydası ilə isə sosial sığorta haqqının minimum və maksimum hədləri müəyyənləşdirilib. Belə ki, aylıq ödəniş minimum aylıq əməkhaqqının 15 faizindən az, 100 faizindən isə çox ola bilməz. Hazırda minimum aylıq əməkhaqqı 400 manat olduğundan fərdi sahibkar aylıq sosial sığorta haqqını ən azı 60 manat, ən çoxu isə 400 manat şəklində ödəyəcək.

Hesablama zamanı sahibkarın xərcləri nəzərə alınmır. Misal üçün, aylıq gəlir 10 000 manat, xərclər 8 000 manat olsa belə, sığorta 2 min manatlıq mənfəətə görə deyil, 10 min manatlıq ümumi gəlirə əsasən hesablanır. Bu halda ödəniş 200 manatdır.

Gəlirin aşağı olduğu hallarda minimum hədd tətbiq olunur. Aylıq gəliri 2 000 manat olan sahibkar üçün 2 faizlə hesablanan məbləğ 40 manat olsa da, minimum həddə görə 60 manat ödənilməlidir.

Gəlirlərin yüksək olduğu halda isə maksimum hədd tətbiq edilir: aylıq gəliri 60 000 manat olan sahibkar üçün 2 faizlə hesablanan sığorta 1 200 manat olsa da, ödəniləcək məbləğ 400 manatla məhdudlaşdırılır.

Beləliklə, 2026-cı ildən etibarən fərdi sahibkarların məcburi dövlət sosial sığorta ödənişləri dövriyyəyə uyğunlaşdırılıb, lakin minimum və maksimum məbləğlərlə tənzimlənir.