Avropa İttifaqının Rusiyadan qaz idxalını tamamilə dayandıracağı yönündəki planlar Avropa enerji bazarında dəyişikliklərə səbəb ola bilər. Qaz qiymətləri ilə yanaşı tədarük balansında da yeni patternlərin yaranacağı proqnozlaşdırılır, alternativ təchizatçı ölkələrin mövqeyi yenidən formalaşa bilər. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması potensial imkan kimi qiymətləndirilir.

Enerji məsələləri üzrə ekspert İlham Şaban Demokrat.az-a verdiyi açıqlamada deyib ki, 2027-ci ilin oktyabrından Rusiya qazının Avropa İttifaqına bütün idxalının qadağan edilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, 2025-ci ildə Rusiya qazının Avropa bazarında həcmi təxminən 36 milyard kubmetr təşkil edib. 2027-ci ildə isə Aİ ölkələrinin ümumi qaz istehlakı 310–330 milyard kubmetr aralığında ola bilər.

İqtisadçı qeyd edib ki, gələn il Aİ-nin əsas qaz təchizatçıları arasında ABŞ, Norveç, Əlcəzair, Azərbaycan və Böyük Britaniyasının yer alacağı proqnozlaşdırılır. "Gələn il Aİ-nin ehtimal olunan əsas beş qaz təchizatçısı ABŞ (33 faiz), Norveç (30 faiz), Əlcəzair (12 faiz), Azərbaycan (təxminən 5 faiz) və Böyük Britaniyası (4,5 faiz) kimi nəzərdə tutulur." Azərbaycan isə 2025-ci ildən etibarən Aİ-nin qaz təminatında ilk beşliyə daxil olub və bu il də mövqeyini qoruyub saxlayır.

İlham Şabanov vurğulayıb ki, Azərbaycanın Avropanın ümumi qaz bazarındakı payı kiçik olsa da regionlar üzrə əhəmiyyətli rol oynayır: “Azərbaycan qazı Cənub-Şərqi Avropada (İtaliya, Yunanıstan, Bolqarıstan), Mərkəzi Avropada (Macarıstan, Avstriya, Almaniya) və Balkan ölkələrində Rusiyanın alternativi kimi çıxış edir”. LNG-dən fərqli olaraq boru kəməri ilə tədarük qiymət dalğalanmalarını qismən sabitləşdirə bilir. Bu baxımdan Azərbaycan bu ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfə ilə mühüm tədarükçü kimi qiymətləndirilir.

Nəticədə Rusiya qazının idxalının dayandırılması Azərbaycanın Avropa bazarında mövqeyini gücləndirmə və ixrac imkanlarını genişləndirmə baxımından yeni perspektivlər açsa da, bu imkanların reallaşması hasilatın artırılması, mövcud nəqliyyat infrastrukturunun imkanları və əlavə qaz həcmlərinin təmin olunması kimi amillərdən asılı olacaq.