Milli Məclisin bugünkü plenar iclasında özəl məhkəmə ekspertlərinin vergiyə və məcburi dövlət sosial sığortasına cəlb olunmasını nəzərdə tutan qanun layihəsi müzakirə edilib və birinci oxunuşda təsdiqlənib. Xəbərə görə, təklif olunan tənzimləmə Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlara müvafiq dəyişikliklər təqdim edir.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, özəl məhkəmə ekspertləri fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınacaqlar. Müəyyən müqavilələr əsasında ödənilən vəsaitlər qeyri-sahibkarlıq fəaliyyətindən gəlir kimi hesab ediləcək və bu məbləğlər xərclər nəzərə alınmadan vergitutma obyekti kimi 10 faiz dərəcə ilə vergiyə cəlb olunacaq. Həmçinin, özəl məhkəmə ekspertləri hər rübün sonunda növbəti ayın 20-dən gec olmayaraq vergi bəyannaməsi təqdim etməli, hesablanmış vergini isə növbəti ayın 20-dək dövlət büdcəsinə ödəməlidirlər.

“Sosial sığorta haqqında” qanuna edilən dəyişikliklərə görə, özəl məhkəmə ekspertləri məcburi dövlət sosial sığortasına cəlb olunaraq gəlirlərinin 15 faizi miqdarında sosial sığorta haqqını ödəyəcəklər. Bundan əlavə, “Tibbi sığorta haqqında” qanuna edilən dəyişikliklə vergi ödəyicisi kimi uçota alınmış özəl məhkəmə ekspertlərinin icbari tibbi sığorta sistemində sığortalı qismində özlərinin çıxış etməsi nəzərdə tutulur.

Qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsvermə ilə birinci oxunuşda təsdiq edilib.