Qafqaz News Nocomment.az-a istinadən xəbər verir ki, məktəblərdə Halloween bayramının təntənəli şəkildə qeyd olunmasına aqressiv reaksiyalar davam edir. Bəzi təhsil ocaqları bu ənənəni tətbiq edərkən, valideynlər və mütəxəssislər arasında narahatlıq güclənir. Onlar hesab edir ki, uşaqların qorxulu maskalarla, ölüm və şeytan obrazları ilə əylənməsi milli-mənəvi dəyərlərə və psixoloji sağlamlığa zərbə vura bilər.

Mövzu ilə bağlı cəmiyyət arasında sərt fikir ayrılıqları mövcuddur. İbtidai və orta məktəb yaşlarında uşaqlar hələ reallıq-qavrayış mexanizmini formalaşdırmadığı üçün qorxulu təsvirlər onların real dünya kimi qiymətləndirilməsinə səbəb ola bilər. Ekspertlər bunun əsasında əsassız fobiyaların, gecə qorxularının, panik vəziyyətlərin yaranması ehtimalını da göstərir. Qorxunc obrazlar və ölüm simvolları uşaqlarda empatiya hissinin zəifləməsi və daha sərt davranışlar formalaşmasına səbəb ola bilər.

Aliyə Qurbanovanın sözlərinə görə, bu cür yad dəyərlər uşaqların daxili aləminə neqativ təsir göstərə bilər: “Bayrama uyğun prezentasiya olunan qaranlıq obrazlar uşaqların şüuraltına mənfi enerjilər ötürə bilər. Milli-mənəvi dəyərlər və müsbət əxlaqi prinsiplər formalaşmalıdır. Hellouin kimi mifoloji konseptlər isə gələcəkdə sağlam dünya görüşünün formalaşmasına ciddi zərbə vurabilir.” O, valideynlər və təhsil işçilərinə uşaq mənəviyyatını qorumağa çağırış etdi və belə zərərli tendensiyaların qarşısının alınmasının vacibliyini vurğuladı.