QafqazNews Manset.az-a istinadən xəbər verir ki, noyabrın 24-də Azərbaycan Dillər Universitetində Xalq yazıçısı Elmira Axundova ilə görüş keçirilib. Tədbirdə müəllifin “Heydər Əliyev – Azərbaycan multikulturalizmi siyasətinin banisi” və “Ədəbi gəzintilər: Zaman… Süjetlər… Düşüncə…” kitabları təqdim olunub.
ADU-nun rektoru, akademik və Xalq yazıçısı Kamal Abdulla iştirakçıları salamlayaraq görüşün əhəmiyyətini vurğulayıb. O, Axundovanın ədəbiyyat, publisistika və ictimai fəaliyyət sahələrindəki yerindən, eləcə də Azərbaycan həqiqətlərini beynəlxalq səviyyədə tanıtmaq üçün gördüyü işlərdən danışıb. Rektor təqdim edilən nəşrlərin tarixi və ədəbi dəyərini qeyd edib.
Tədbirdə bildirilib ki, Heydər Əliyevə həsr olunan kitabda onun dövlətçilik fəaliyyəti, milli-mənəvi dəyərlərin qorunması, multikulturalizm ənənələrinin təşəkkülü və müxtəlif xalqların, dinlərin təmsilçiləri arasında tolerantlığın təmin edilməsi istiqamətində siyasəti araşdırılır. Nəşrdə Heydər Əliyevin siyasi irsi və Azərbaycan multikulturalizminin inkişafına verdiyi töhfə tarixi faktlar və müəllifin araşdırmaları əsasında təqdim edilir.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Axundovanın çoxşaxəli yaradıcılığına və Azərbaycan ədəbiyyatı ilə publisistikasına verdiyi töhfələrə toxunub. O, müəllifin uzunmüddətli araşdırmalarının, xüsusilə tarixi şəxsiyyətlər barədə yazdığı əsərlərin əhəmiyyətini vurğulayıb və yeni kitabları oxucular üçün dəyərli mənbə adlandırıb.
Xalq yazıçısı Natiq Rəsulzadə də Axundovanın ədəbi-publisistik fəaliyyətindən, tarixi mövzular və tanınmış şəxsiyyətlər barədə araşdırmalarından danışıb. Onun sözlərinə görə, yazıçının işlərində faktlara, tarixi həqiqətlərə və sənədlərə əsaslanan yanaşma xüsusi yer tutur. Çıxışlarda Heydər Əliyevin dövlətçilik irsi, milli dəyərlərin mühafizəsi və multikulturalizm siyasətinin inkişafına yönəlmiş fəaliyyəti kitabda geniş əks olunduğu qeyd edilib. Bu nəşrlərin irsi gələcək nəsillərə çatdırmaq baxımından əhəmiyyəti də vurğulanıb.
ADU-nun fəxri professoru, jurnalist və ictimai xadim Mixail Qusman Axundovanın Azərbaycan və Rusiya ədəbi-ictimai mühitindəki nüfuzundan söz açıb. O, müəllifin publisistik araşdırmalarının və tarixi şəxsiyyətlərə həsr etdiyi əsərlərin əhəmiyyətini qeyd edib.
ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov Axundovanın tarixi faktlara, arxiv materiallarına və sənədlərə söykənən araşdırmalarının Azərbaycan ədəbiyyatının və ictimai fikir tarixinin öyrənilməsində rolunu diqqətə çatdırıb. O, təqdim olunan kitabların elmi və ədəbi dəyərini də vurğulayıb.
Universitetin əməkdaşı və multikulturalizm məsələləri üzrə müstəqil ekspert Rəvan Həsənov Heydər Əliyevin Azərbaycanda bu siyasətin formalaşması və inkişafındakı tarixi rolundan danışıb. O, müxtəlif xalqların və dini konfessiyaların birgəyaşayış ənənələrinin qorunmasında, tolerantlıq mühitinin möhkəmlənməsində müəyyən edilmiş siyasi xəttin əhəmiyyətini qeyd edib. Həsənov təqdim edilən nəşri həmin siyasətin əsaslarını və Heydər Əliyevin irsini öyrənmək üçün dəyərli tədqiqat kimi səciyyələndirib.
Elmira Axundova görüşün təşkilinə görə tədbir təşkilatçılarına, ADU rəhbərliyinə və kollektivinə, qonaqlara, eləcə də tələbələrə təşəkkür edib. O, universitetdəki səmimi və yaradıcı mühiti yüksək qiymətləndirib.
Tədbirdə Heydər Əliyevin dövlətçilik irsinin, milli-mənəvi dəyərlərin qorunması, multikulturalizm və tolerantlıq ənənələrinin inkişafı ilə bağlı siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi bildirilib.
Görüşün sonunda Axundova müəllifi olduğu kitabları ADU-nun kitabxanasına hədiyyə edib. Tədbir fikir mübadiləsi və iştirakçıların sual-cavabı ilə başa çatıb.