QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Xəzər dənizinin (gölünün) Azərbaycanın suverenliyində olan hissəsinin sahil ərazilərində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.
Sənədə əsasən, sahilboyu ərazidə torpaqların idarə olunması, istifadəsi və qorunması üzrə vahid dövlət siyasətini həyata keçirmək, eləcə də bu sahədə iştirak edən dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə tapşırılıb. Bu qayda adaları, məskunlaşmış və gələcəkdə məskunlaşdırılması planlaşdırılan sahələri, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi üçün istifadə olunan əraziləri, habelə qanunvericiliklə xüsusi status verilən digər yerləri əhatə etmir.
Sahil ərazilərində idarəetmənin təşkili üçün Xidmətin işçi ştatı 40 vahid artırılıb.
Nazirlər Kabinetinə altı ay ərzində İqtisadiyyat Nazirliyinin təklifləri və beynəlxalq təcrübə əsasında sahilboyu ərazinin xüsusi statusunun, zonalara bölünməsinin və hüquqi rejiminin müəyyənləşdirilməsi ilə bağlı normativ bazanı təkmilləşdirmək tapşırılıb. Bu çərçivədə ətraf mühitin mühafizəsi, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı, turizm və istirahət fəaliyyəti üzrə dövlət qurumlarının idarəetmə və nəzarət işlərində vahid və əlaqələndirilmiş yanaşmanın təmin edilməsi nəzərdə tutulur.
Hökumət torpaqların dövlət idarəçiliyinin və istifadəsinə, mühafizəsinə nəzarətin gücləndirilməsi, qanunsuz zəbt hallarının qarşısının alınması, inzibati və cinayət məsuliyyəti tədbirlərinin sərtləşdirilməsi üzrə hüquqi akt layihələrinə dair təklifləri hazırlayaraq Prezidentə təqdim etməlidir. Bundan başqa, Xəzərin Azərbaycan hissəsində su ilə quru arasındakı təmas xəttinin mövcud vəziyyəti, sahil zolağının sərhədləri və ölçüləri, habelə onun kağız və rəqəmsal xəritələri altı ay müddətində Prezidentlə razılaşdırılaraq təsdiqlənməlidir.
İqtisadiyyat Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə Coğrafi İnformasiya Sistemlərinə əsaslanan aktual xəritə və məlumatların saxlanmasını, eləcə də sahənin idarə edilməsini təmin edəcək informasiya sisteminin yaradılması barədə təkliflərini altı ay ərzində Prezidentə təqdim etməlidir.
Nazirlik, həmçinin, sahilboyu torpaqların idarə olunması və istifadəyə, o cümlədən icarəyə verilməsi prosesinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “bir pəncərə” prinsipi ilə Elektron Hökumət İnformasiya Sistemi üzərindən aparılması üçün tədbirlər görəcək. Aidiyyəti qurumlarla birlikdə görülən işlər barədə Prezidentə ildə bir dəfə məlumat veriləcək.
Fərmandan irəli gələn müşahidə sistemlərinin qurulması, ərazilərdə monitorinqlərin aparılması, söküntü, abadlıq və sanitar təmizlik işləri, həmçinin Xidmətin maddi-texniki təminatının gücləndirilməsi üçün tələb olunan vəsaitin ayrılması barədə təkliflər Maliyyə Nazirliyinə təqdim ediləcək. Maliyyə Nazirliyi isə bu tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilməsi üçün zəruri addımlar atmalıdır.