QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, şəxsi avtomobilin saxlanması yalnız onun alınması ilə yekunlaşmır. Yanacaq, icbari sığorta, texniki xidmət, ehtiyat hissələri, parklanma və cərimələr də sürücülərin xərclərinə təsir edir. Bakıda sıx nəqliyyat və avtomobil saxlama məsrəfləri şəxsi maşının zərurət, yoxsa əlavə maliyyə yükü olması sualını aktuallaşdırır. Bəzi hallarda hər gün taksidən istifadə avtomobil saxlamaqdan daha ucuz ola bilər.

Şəhərdə şəxsi avtomobil artıq lüks sayılır, yoxsa zərurət olaraq qalır? Yanacaq, sığorta və təmir xərcləri nəzərə alındıqda maşın almaq və saxlamaq daha sərfəlidir, yoxsa gündəlik taksi xidmətindən yararlanmaq?

Nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, avtomobil bir çox insan üçün zəruri vasitədir. Bununla yanaşı, dünya təcrübəsində avtomobili olan ailələrin belə ondan hər gün istifadə etməməyə çalışdığı yanaşması mövcuddur.

Ekspertin sözlərinə görə, insanlar şəhərdən kənara və uzaq məsafələrə gedəndə şəxsi maşına üstünlük verir, işə gedib-gələrkən isə mümkün qədər ictimai nəqliyyatdan yararlanırlar. Şəxsi avtomobillə hərəkətin daha baha başa gəldiyini və müəyyən mənada lüks olduğunu qeyd edən Raufoğlu Azərbaycanda alternativ nəqliyyat imkanlarının məhdudluğunun, eləcə də insanların uzun məsafələr qət etməsinin şəxsi avtomobildən asılılığı artırdığını vurğulayıb.

Onun fikrincə, Bakının mərkəzində müəyyən irəliləyişlər olsa da, metro xətlərinin uzadılması və digər nəqliyyat imkanlarının artırılması vacibdir. Bu məsələlər həll edilərsə, şəxsi avtomobildən hər gün istifadə tələbatı da azala bilər.

Raufoğlu yaxın məsafələrə gedərkən şəxsi avtomobil əvəzinə bir neçə manat ödəyib taksidən istifadə etməyin daha sərfəli ola biləcəyini deyib. Avtomobillə gedənlər parklanma yeri tapmalı və əlavə xərcləri də hesablamalıdırlar; bu çətinliklər isə getdikcə artır.

Ekspert əsas problemin insanların uzun məsafələr qət etməyə məcbur qalması olduğunu bildirib. Belə marşrutlarda taksi də hər zaman sərfəli seçim deyil. Taksi sürücülərinin də yaxın məsafəli sifarişlərin daha çox gəlir gətirdiyini söylədiyini qeyd edən Raufoğlu əlavə edib ki, qısa səfərlər zamanı bir neçə sifariş qəbul etmək mümkün olur. Uzun məsafəyə gedən sürücü isə geri dönərkən müştəri tapmaqda çətinlik çəkə və qazancı sərfəli olmaya bilər.

Raufoğlunun qənaətinə görə, avtomobil sahibi olmaq normaldır. Ancaq insan işə hər gün şəxsi maşınla gedib-gəlməyə məcbur qalırsa, bu, onun aylıq xərclərini xeyli artırır.