QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycanda istilik mövsümünün noyabrın 15-də başlanmasına baxmayaraq, bəzi ərazilərdə binaların istiliklə təminatı hələ bərpa edilməyib. Bununla əlaqədar sakinlərdən şikayətlər daxil olub.

Bakı şəhərinin 4-cü mikrorayonunda, Cavadxan küçəsi 68 ünvanında yaşayanların sözlərinə görə, binaya indiyədək istilik verilməyib. Sakinlər bildiriblər ki, noyabrın 21-də aidiyyəti qurum magistral xətdə sızma olduğunu və problemin tezliklə aradan qaldırılacağını açıqlayıb. Lakin istilik təchizatı hələ də bərpa olunmayıb.

Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 33B ünvanındakı 12 mərtəbəli binanın sakinləri də oxşar vəziyyətdən narazıdırlar. Onlar noyabrın 15-dən mənzillərin qızdırılmadığını, istilik məntəqəsində olan iki nasosdan yalnız birinin işlədiyini deyirlər. Sistemdə təzyiq 0,8 atmosferdir; sakinlərin bildirdiyinə görə, normal istilik üçün göstərici 5 atmosfer olmalıdır. Aidiyyəti qurumlara müraciətlər nəticə verməyib.

Gəncə prospekti 49 ünvanında yaşayanlar da istiliyin olmadığını bildiriblər. Onların sözlərinə əsasən, ərazidə istilik sistemi sökülüb başqa yerdə yenidən qurulur, amma işlər başa çatmadığı üçün binaya istilik çatdırılmır. Sakinlər işçilərin gəlib ərazidə cəmi bir-iki saat işlədikdən sonra getdiklərini qeyd ediblər.

Yevlaxın 32-ci məhəlləsində keçmiş məcburi köçkünlər üçün salınmış qəsəbədəki 10 binanın dördündə istilik yoxdur. Sakinlər kommunal xidmətlərə görə borclarının olmadığını vurğulayıblar.

İstilik verilməməsi Gəncə şəhər internat tipli xarici dillər təmayüllü gimnaziyada da problem yaradıb. Valideynlərin dediyinə görə, dərs otaqlarında və yataqxanada istilik sistemi olmadığından şagirdlər çətinliklə üzləşirlər.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu göndərilib.