QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan “Sülh körpüsü” təşəbbüsü çərçivəsində təşkil olunan dəyirmi masa müzakirələrinin beşinci raundunda azərbaycanlı və erməni iştirakçılarla bir araya gəlib.

Ermənistan Təhlükəsizlik Şurasının açıqlamasına əsasən, görüşdə iştirakçılar Simonyana onları maraqlandıran sualları veriblər. Tərəflər fikir və mülahizələrini bölüşüblər.

Ermənistanda təşəbbüsün beşinci görüşü başlayıb. Tədbirdə Azərbaycan və Ermənistandan 60 vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edir. Noyabrın 26–27-də keçiriləcək geniştərkibli ikitərəfli müzakirələrdə hər iki ölkənin vətəndaş cəmiyyətlərinin təmsilçiləri iştirak edəcəklər.

Gündəlikdə 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi, sülh prosesinin gücləndirilməsi və institusionallaşdırılması üçün təşəbbüslər, eləcə də iki cəmiyyət arasında etimadın qurulması və inkişaf etdirilməsi məsələləri yer alır.

Müzakirələrdə Cənubi Qafqazda davamlı iqtisadi əməkdaşlıq, ticarət və bağlantı marşrutlarının yaradılması imkanları, humanitar mövzular, gənclərlə iş və təhsil sahəsi də nəzərdən keçiriləcək. Həmçinin iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq.