QafqazNews TASS-a istinadən xəbər verir ki, Türkiyə prezident administrasiyasının dezinformasiya ilə mübarizə idarəsi Malayziyanın təsdiqlədiyi iddia edilən Malaziyadan 10 min rohinça qaçqının Türkiyəyə köçürülməsi barədə məlumatları təkzib edib.

İdarənin yaydığı açıqlamada bəzi xarici KİV və sosial şəbəkələrdə yayılmış “Türkiyəyə 10 min rohinça nümayəndəsinin köçürüləcəyi” iddialarının həqiqətə uyğun olmadığı bildirilib.

Malayziyanın New Straits Times qəzeti əvvəlcə rohinça qaçqınlarının peşə hazırlığı üzrə xüsusi proqram çərçivəsində Türkiyəyə köçürülməsi qərarından yazmışdı. Həmin mənbədə proqramın qaçqınlara üç və ya altı aylıq texniki və peşə təhsili kursları keçməyi və Türkiyə sənayesinin müxtəlif sahələrinin real ehtiyaclarına uyğun peşə hazırlığı nəzərdə tutduğu qeyd olunurdu.

Mətn qeyd edir ki, 2021-ci ildə baş vermiş hərbi çevriliş və uzunmüddətli daxili münaqişə fonunda Myanma vətəndaşlarının — əsasən rohinçalardan ibarət — Malayziyaya axını kütləvi xarakter alıb. Malayziyada daimi yaşayan təxminən 200–300 min Myanma əsilli insan var, onların arasında qeyri-qanuni yaşayanlar da daxildir. On minlərlə myanmalı xüsusi immiqrasiya mərkəzlərində saxlanılır.

Kuala-Lumpur 1951-ci il BMT Qaçqınlar Konvensiyasının iştirakçısı olmadığı üçün ölkədəki miqrantlara və sığınacaq axtaranlara qaçqın hüquqi statusu rəsmi olaraq tanınmır. Hüquqi statusun olmaması həmin şəxslərə rəsmi işə düzəlmək, sosial təminat və dövlətin qorunmasından istifadə imkanı vermir.