Qafqaz News Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanda bir sıra xəstəliklərə görə əlilliyin qiymətləndirilməsi zamanı müalicə müddətinin tamamlanması tələb olunmur. Məlumata görə, ağciyər sarkoidozu, oynaqlardan bəzilərinin ankilozu, demensiya, autizm və hematoloji xəstəliklər bu kateqoriyaya daxil olub.
Nazirlər Kabinetinin icazəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) açıqlamasında bildirilir ki, həmin xəstəliklər üzrə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər müalicə müddəti gözlənilmədən rəsmiləşdirilir və müvafiq qiymətləndirmə aparılır.
Qeyd olunur ki, son illər aparılan islahatlar nəticəsində müalicə müddəti tələb olunmayan xəstəliklərin sayı 14,6 dəfə artaraq 5-dən 73-ə yüksəlmişdir. Əlilliyin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər tibb müəssisələri tərəfindən elektron qaydada rəsmiləşdirilir. Göndərişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlillik” altsisteminə daxil edildikdən sonra adsızlaşdırılır, bu da qiymətləndirmə zamanı şəxsin kimliyinin və göndərişi təqdim edən tibb müəssisəsinin bilinməməsini təmin edir. Qərarlar yalnız diaqnoz əsasında, şəffaf və obyektiv şəkildə qəbul olunur.