Qafqaz News Patrulaz.az-a istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Dadaş Dadaşzadə adlı Azərbaycan vətəndaşı Monteneqrodan ölkəmizə ekstradisiya olunacaq. Baş Prokurorluğun Mətbuat xidməti bu barədə məlumat yayıb. Bildirilib ki, Monteneqronun Ədliyyə Nazirliyinə sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində razılıq əldə olunub. İnsan hüquqlarına və qanunauyğunluğa əməl edilərək, ekstradisiya prosesi davam etdiriləcək.
Hazırda müvafiq sənədləşmə və logistika işləri başa çatdıqdan sonra Dadaş Dadaşzadənin Azərbaycana gətirilməsi üçün zəruri tədbirlər həyata keçiriləcək. Baş Prokurorluq qeyd edib ki, axtarışda olan şəxslərin müəyyənləşdirilməsi və Azərbaycana gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməliyyatlar davam etdirilir.