Qafqaz News Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycanda avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları ilə məşğul olan operatorların məsul şəxsləri, beynəlxalq yük daşıyıcıları, ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. İmtahanlarda iştirak etmək üçün ümumilikdə 313 nəfərin qeydiyyatı aparılıb: beynəlxalq yükdaşıma – 105, operatorların məsul şəxsləri – 15, ölkədaxili sərnişin daşıma – 67, ölkədaxili yük daşıma – 126. İmtahanın keçirilməsi üçün 4 imtahan rəhbəri, 21 nəzarətçi və 3 buraxılış rejimi əməkdaşı ayrılıb. Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin imtahanı DİM-in elektron imtahanlar korpusunda keçiriləcək. Beynəlxalq yük daşıyıcılarını həyata keçirən sürücülərin imtahanı isə e-imtahanlar korpusunda və Naxçıvan şəhərində 4 saylı orta məktəbdə təşkil olunacaq. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi imtahanları isə DİM-in elektron imtahanlar korpusunda (Bakı, Binəqədi rayonu, S.S.Axundov, 50) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçiriləcək.