Sputnik-in məlumatına görə, Tbilisidə bu dəqiqələrdə Gürcüstan və Azərbaycan hökumətləri arasında ikitərəfli iqtisadi komissiyanın iclası keçirilir — görüşdə ölkələrarası iqtisadi əməkdaşlığın mühüm məsələləri müzakirə edilir.
Azərbaycanın baş naziri Əli Əsədov oktyabrın 29-da Gürcüstana gəlib. O, artıq Gürcüstanın Baş Naziri İrakli Kobaxidze ilə də görüşərək əməkdaşlıq məsələlərini ikitərəfli şəkildə müzakirə edib.
Baş nazir İrakli Kobaxidze bildirib ki, Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşları sırasında ilk beşliyə daxil olur və əlaqələrin dinamizmi iqtisadi münasibətlərin davamlı dərinləşdiyini göstərir. Onun sözlərinə görə, məqsəd bu nəticələri daha da inkişaf etdirmək, Gürcüstan məhsullarının ixrac imkanlarını yaxşı mənimsəmək, ticarət əlaqələrinin diversifikasiyasını təmin etmək və investisiyaların artımını təşviq etməkdir.
Kobaxidze vurğulayıb ki, ticarət əlaqələrinin inkişafında Orta dəhliz daxilində əməkdaşlığın xüsusi rolu var. "Bizim ümumi məqsədimiz bu marşrutun ötürücülük qabiliyyətinin, effektivliyinin və rəqabətqabiliyyətinin artırılmasıdır", — deyə o qeyd edib.
Baş nazir bildirib ki, Gürcüstan Orta dəhlizin inkişafı üçün öz tərəfdən bütün səyləri göstərir. O, həmçinin Gürcüstan və Azərbaycanın energetika sahəsindəki əməkdaşlığını xüsusi vurğulayıb.
Gürcüstan və Azərbaycan 18 noyabr 1992-ci ildə diplomatik əlaqələr qurublar. Hər iki ölkə strateji tərəfdaşdır və ikitərəfli formatda, həmçinin beynəlxalq layihələr çərçivəsində fəal əməkdaşlıq edir. Xüsusilə Bakı–Tbilisi–Qars dəmiryolu, Bakı–Tbilisi–Ceyhan neft kəməri və Cənub qaz dəhlizi kimi region üçün strateji əhəmiyyətə malik layihələr qeyd olunur.