Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatını qarşılamaq və səyahət imkanlarını genişləndirmək məqsədilə 1 noyabr 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reysin icrasına başlayıb.

Bakıdan Tbilisiyə əlavə reysin ilk uçuşu tam doluluqla həyata keçirilib. Yeni reyslər sayəsində sərnişin yerlərinin ümumi sayı 386-dan 564-ə yüksəlib ki, bu da təxminən 50 faizə yaxın artımı göstərir.

Əlavə reyslərdən istifadə ilə sərnişinlər üçün daha sərfəli səyahət imkanları yaradılır. Standart sinif üzrə əvvəlki biletlərin qiyməti 36 AZN-dən başlayır və əlavə reyslərdə sərnişinlər 30 faiz endirimli qiymətlərlə səyahət edə bilirlər. Bakı–Tbilisi istiqamətində bir istiqamətə ən aşağı gediş haqqı isə 54 AZN, Yevlaxdan 44 AZN, Gəncədən 41 AZN, Ağstafadan 38 AZN, Böyük Kəsikdən isə 36 AZN təşkil edir.

Qeyd edək ki, Bakıdan Tbilisiyə “Stadler” vaqonlarında komfort sinifinin minimum gediş haqqı 77,50 AZN, Gəncədən isə 56,80 AZN-dir. Yeni qrafik çərçivəsində gecə səfərləri ilə yanaşı, gündüz səyahətinə də imkan yaradılır ki, sərnişinlər öz planlarına uyğun vaxtı seçə bilsinlər.

Cari qrafikə əsasən, mövcud Bakı–Tbilisi–Bakı qatarı paytaxtdan saat 23:10-da yola düşüb növbəti gün saat 08:41-də Tbilisiyə çatır, Tbilisidən isə saat 11:00-da yola düşüb saat 20:26-da Bakı Dəmiryol Vağzalında olur. Yeni reys isə hər gün Bakıdan saat 09:10-da yola düşəcək və 19:11-də Gürcüstan paytaxtına çatacaq. Əks istiqamətdə isə qatar saat 22:00-da hərəkətə başlayır və növbəti gün saat 07:57-də Bakıda olur.

Mənbədə vurğulanır ki, əlavə reyslərin istifadəyə verilməsi tərəflərin uzunmüddətli hazırlıq, texniki və təşkilati işləri yekunlaşdırması nəticəsində mümkün olub. ADY beynəlxalq sərnişin daşımalarında xidmət keyfiyyətinin artırılmasına, sərnişinlərin rahat və təhlükəsiz səfərlərinin təmin olunmasına və artan tələbatın qarşılanmasına yönəlmiş tədbirləri davam etdirəcək.