Toronto Metropolitan Universitetinin alimləri deyib ki, fərdi zövq və emosional vəziyyət nəzərə alınaraq seçilmiş musiqiyə ritmik səs impulslarının əlavə edilməsi stress hormonu kortizolun səviyyəsini əhəmiyyətli dərəcədə aşağı sala bilir. Araşdırma International Journal of Psychophysiology jurnalında dərc olunub.
Təcrübədə iştirakçılar təsadüfi olaraq iki qrupa bölünüb. Bir qrup 24 dəqiqə müddətində ilkin əhval-ruhiyyəsinə uyğun seçilmiş musiqiyə qulaq asıb. Musiqi sakitləşdirici və müsbət emosional vəziyyət yaratmağa yönəlmişdir və ritmik səs impulsları ilə stimullaşdırma (ABS) ilə müşayiət olunub. Digər qrup isə rahatlama üçün çəhrayı səsə (pink noise) qulaq asıb.
İştirakçıların dinləmədən əvvəl və sonra kortizol səviyyəsi, beyin fəaliyyəti, ürək ritminin dəyişkənliyi, narahatlıq dərəcəsi və əhval-ruhiyyə ölçülüb. Nəticələr göstərir ki, hər iki təsir narahatlığı azaldıb və əhval-ruhiyyəni yaxşılaşdırıb, lakin fizioloji göstəricilərdə önəmli fərqlər var.
Müəyyən olunub ki, dinləmədən 15 dəqiqə sonra fərdi seçilmiş musiqiyə qulaq asan qrupda kortizol səviyyəsinin azalması çəhrayı səs dinləyən qrupla müqayisədə ikiqat çox olub. Bundan əlavə, musiqi dinləyənlərdə emosiyaların tənzimlənməsi ilə əlaqəli beyin fəaliyyəti bir qədər artıb; çəhrayı səs dinləyənlərdə isə bu göstərici azalıb. Ürək ritminin dəyişkənliyindəki dəyişikliklər hər iki qrupda oxşar səviyyədə davam edib.
Tədqiqatın müəllifləri hesab edir ki, stress və narahatlığın azaldılması zamanı insanın öz hissləri ilə orqanizmdə baş verən bioloji proseslər həmişə üst-üstə düşməyə bilər. Onlar stresslə mübarizə metodlarının effektivliyini qiymətləndirərkən yalnız öz hissiyatına deyil, həmçinin fizioloji göstəricilərə də baxılmasını tövsiyə edirlər.