Qafqaz News Bakupost.az-a istinadən xəbər verir ki, dekabrın 25-dən etibarən “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliklər qüvvəyə minəcək. Yeni qaydalarla ev, torpaq və ya obyektin icarəsi və istifadə hüququnun dövlət qeydiyyatı üçün verilən çıxarışa görə 30 manat dövlət rüsumu ödəniləcək. Eyni zamanda böyük şirkətlərin birləşməsi ilə bağlı ərizə araşdırmalarına da yeni rüsum tələbləri tətbiq olunacaq.
Mövzu ilə bağlı fikirlər, vətəndaşlar və sahibkarlara təsirlər barədə Bakupost.az-a danışan iqtisadçı Asif İbrahimov bildirir ki, ilkin baxışdan 30 manat böyük rəqəm kimi görünməsə də, ölkənin mövcud sosial-iqtisadi vəziyyətindən asılı olaraq qiymətləndirilməlidir. “Azərbaycanda sahibkarlar ən müxtəlif maliyyə öhdəlikləri ilə üz-üzədir. Vergi, sosial sığorta ödənişləri, kommunal xərclər, icarə haqları, bank komissiyaları və digər inzibati ödənişlər biznesin maya dəyərini artırır. Bir neçə obyekt və ya torpaq sahəsi üzrə fəaliyyət göstərən sahibkar üçün 30 manatlıq rüsum təkrarlanan xərcə çevrilir; vətəndaşlar üçün də əlavə ödənişdir. Ailə büdcələri isə hazırda həssasdır.”
İqtisadçı deyir ki, ölkədə əhalinin istehlak xərclərinin strukturuna baxmaq kifayətdir ki, ailə büdcələrinin nə qədər həssas olduğunu görə bilək. “Engel qanununa görə, ailə gəliri azaldıqca zəruri ərzaq xərcləri ümumi büdcədə yüksəlir. Bu göstəricinin yüksək olması insanlar üçün sərbəst gəlir imkanlarının məhdud olduğundan xəbər verir”, - o əlavə edir.
Kommunal xərclər və kredit yükünə toxunan A.İbrahimov bildirib ki, kommunal xərclərin artması da ailə büdcəsinə əlavə təzyiq yaradır: “Dörd nəfərdən ibarət ailənin illik kommunal xərcləri əvvəlki illə müqayisədə 450-480 manat artması ehtimalı var. Bu isə ailənin digər ehtiyacları üçün nəzərdə tutulmuş vəsaitin azalmasına səbəb olur. Ümumi kredit portfelində istehlak kreditlərinin yüksək payı isə əhalini gəlir gələcəkdən maliyyələşdirməyə vadar edir. Dövlət xidmətlərinin maliyyələşdirilməsi üçün rüsum mexanizmi ola bilsə də, hər yeni ödənişin vətəndaşın büdcəsinə təsiri hesablanmalıdır.”
İqtisadçı həmçinin millət vəkillərinə müraciət edərək deyir ki, “hər dəfə cərimələri və rüsumları tənzimləyən qanun layihələri hazırlayarkən vətəndaşın qazancı da nəzərə alınmalıdır”. Onun sözlərinə görə, hüquqi dövlət xidmətlərinin maliyyələşdirilməsi üçün rüsumlar tətbiq olunursa, bunun da insanların büdcəsinə təsiri hesablanmalıdır.
Son olaraq A.İbrahimov vurğulayır ki, vətəndaşın cibindən çıxan hər əlavə manat iqtisadi dövriyyənin daralmasına səbəb olur: “Ailə büdcəsinə əlavə yük düşdükdə insanlar zəruri olmayan xərcləri azaldır. Bu isə iqtisadi aktivliyin azalması deməkdir: restoranlar az müştəri tapır, geyim mağazalarının satışı aşağı düşür, sahibkarlar isə bəzən işçi sayı azalda bilir.”