Qafqaz News Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycanda və Qazaxıstanda nəqliyyat–logistika sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bakı Beynəlxalq Dəniz Limanında yeni yük-terminalının yaradılması və Xəzər dənizində müasir bərə sistemi qurulması üzrə razılıq əldə olunub.

“Yeni Sabah” xəbər verir ki, AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan tərəfi ilə görüşüb. Görüş çərçivəsində iki ölkə arasında nəqliyyat–logistika əməkdaşlığının inkişafına yönəlmiş iki sənəd imzalanıb.

Birinci sənəd AZCON Holding və “Samruk-Kazyna” arasında Xəzər körpüsü (“Super Ferry”) Transxəzər bərə sisteminin yaradılması üzrə strateji əməkdaşlığı nəzərdə tutur. Layihə Ələt və Kurık limanları arasında yüksək tutumlu müasir bərələrlə yükdaşımaları təşkil etməyi, ixtisaslaşdırılmış terminalların inkişafını və vahid logistika sisteminin formalaşdırılmasını əhatə edir. Məqsəd dəniz keçidi və liman əməliyyatlarına sərf olunan vaxtı azaltmaq, daşımaların etibarlılığını artırmaq və Orta Dəhlizin rəqabət qabiliyyətini gücləndirməkdir.

İkinci sənəd isə Bakı Beynəlxalq Dəniz Limanının ərazisində intermodal yük terminalının yaradılmasına dair olub. Sənədlər AZCON Holding-ə daxil olan ADY və Qazaxıstanın “Қазақстан темір жолы” SC arasında imzalanıb. Yeni terminal konteyner və digər yük axınlarının cəlb edilməsinə, liman və dəmir yolu əməliyyatlarının inteqrasiyasına, eləcə də Orta Dəhliz üzrə daşımaların səmərəliliyinin artırılmasına xidmət edəcək.

Layihənin həyata keçirilməsi üçün terminalın əməliyyat və kommersiya fəaliyyətini idarə edəcək birgə müəssisənin yaradılması nəzərdə tutulur. Növbəti mərhələdə investisiya modeli və maliyyələşdirmə şərtləri layihənin texniki–iqtisadi göstəriciləri əsasında müəyyənləşdiriləcək. Görüş zamanı korporativ idarəetmə, portfel şirkətləri arasında koordinasiya, dəniz infrastrukturu layihələri üzrə əməkdaşlıq imkanları da müzakirə edilib.