Qafqaz News Konkret.az-a istinadən xəbər verir ki, Bakının küçələrinin piyadalaşdırılması şəhərsalma və nəqliyyat siyasətinin tərkib hissəsi kimi yalnız mərkəzi məsələlərdən biri deyil, eyni zamanda yerli iqtisadi fəallığa, sahibkarlıq mühitinə və kommersiya daşınmaz əmlak bazarına təsir göstərən mühüm iqtisadi qərardır.

İqtisadçı Elşən Bağırzadə Yeni Sabah-a açıqlamasında piyadalaşdırmanın yerli iqtisadi mühitə təsirlərini şərh edib. Onun sözlərinə görə beynəlxalq empirik tədqiqatlar göstərir ki, düzgün planlaşdırılmış piyadalaşdırma layihələri, adətən, yerli ticarət və xidmət sektorunun inkişafını stimullaşdırır. Avtomobil hərəkətinin məhdudlaşdırılması isə insanların həmin ərazidə daha rahat hərəkət etməsinə və daha çox vaxt keçirməsinə səbəb olur ki, bu da istehlak xərclərinin artmasına kömək edir. Xüsusən kafe, restoran, mağaza, əyləncə və digər xidmət müəssisələri bundan faydalanır.

Parkinq yerlərinin ləğvinin müştəri itkisinə səbəb olması fikri isə elmi araşdırmalarla təsdiqlənmir. Tədqiqatlar göstərir ki, avtomobillə gələn müştərilər bir alış zamanı daha çox xərcləsələr də, piyada və ictimai nəqliyyatla gələnlər daha tez-tez alış-veriş edə bilirlər. Buna görə də əsas məsələ parkinq yerlərinin sayı deyil, ərazinin ümumi nəqliyyat əlçatanlığıdır. Bununla belə, ağır və iri məhsulların satışı kimi avtomobillə birbaşa girişdən asılı olan bizneslər üçün müəyyən çətinliklər yarana bilər.

Ekspert qeyd edib ki, piyadalaşdırmanın digər mühüm iqtisadi nəticəsi ərazinin kommersiya cəlbediciliyinin və buna uyğun olaraq icarə qiymətlərinin yüksəlməsi ehtimalıdır. Burada müəyyən ziddiyyət yaranır: ərazidə iqtisadi fəallıq artsa da, bu artımdan bütün sahibkarlar eyni dərəcədə faydalanmırlar. İcarə xərclərinin yüksəlməsi xüsusilə aşağı mənfəət marjası ilə işləyən kiçik müəssisələri sıxışdıra, onların daha iri və maliyyə imkanları geniş olan bizneslərlə əvəzlənməsinə səbəb ola bilər. Bu proses kommersiya centrifikasiyası adlanır.

Bu baxımdan, Bakıda da belə layihələr həyata keçirilərkən ictimai nəqliyyatın əlçatanlığı, alternativ parkinq və logistika imkanları, mövcud kiçik sahibkarların maraqları və kommersiya icarələrinin dinamikası kompleks şəkildə qiymətləndirilməlidir. Layihələrin nəticələri yalnız piyadaların sayına və ticarət dövriyyəsinə görə deyil, həm də bizneslərin gəlirliliyi, məşğulluq və sahibkarlıq müxtəlifliyi baxımından ölçülməlidir.

Yekun olaraq onun fikrincə piyadalaşdırmanın iqtisadi uğuru küçədə avtomobillərin azalması ilə deyil, həmin ərazidə iqtisadi fəallığın nə qədər artması və yaranan faydaların sahibkarlar arasında nə dərəcədə geniş bölüşdürülməsi ilə ölçülməlidir.