QafqazNews Manset.az-a istinadən xəbər verir ki, insanın uzun ömür sürməsində irsiyyətlə yanaşı, gündəlik vərdişlər də əhəmiyyətli rol oynayır. Elmi araşdırmalar ömrün təxminən 25-40 faizinin genetik amillərlə bağlı olduğunu göstərir. Qidalanma, yuxu, fiziki aktivlik, stress və ətraf mühit isə qalan hissəyə təsir edir.
Məlumatlara əsasən, həyat tərzində cəmi səkkiz həftə davam edən dəyişikliklər bioloji yaşı orta hesabla 4,6 il azaltmağa imkan verib. Bu nəticə genetik kod dəyişmədən də genlərin işinə təsir göstərərək yaşlanmanı müəyyən qədər ləngitməyin mümkünlüyünə işarə edir.
Bu prosesdə genlərin fəaliyyətini idarə edən epigenetik mexanizmlər də rol oynayır. Qidalanma, yuxu rejimi, stress, hərəkətlilik və ətraf mühit həmin mexanizmlərə təsir göstərə bilər.
Uzunömürlü ailələrin öyrənilməsi zamanı bəzi genetik xüsusiyyətlərin yaşla əlaqəli xəstəliklərdən qorunmağa kömək etdiyi üzə çıxıb. Bu insanlarda Alzheimer, diabet və ürək xəstəliklərinə daha az rast gəlinir, metabolik göstəricilər isə daha yaxşı olur.
Alimlər uzun ömürlə əlaqəsi araşdırılan APOE2, FOXO3a, CETP, APOC3 və SIRT6 genlərini də tədqiq edirlər. Onlar hüceyrələrin stressə davamlılığı, DNT-nin bərpası, metabolizm və başqa bioloji proseslərdə iştirak edir.
Ginnesin rekordlar kitabında tarixdə ən uzun ömür sürmüş şəxs kimi qeydə alınan Jeanne Louise Calment 122 yaşında dünyasını dəyişib. Onun həyat yolu uzunömürlülükdə irsi amillərin əhəmiyyətinə dair diqqət çəkən nümunələrdən sayılır.
Mütəxəssislər sağlam yaşlanma üçün tarazlı qidalanmağı, müntəzəm hərəkət etməyi, keyfiyyətli yatmağı, stressi idarə etməyi və zərərli ekoloji təsirlərdən qorunmağı vacib hesab edirlər.
Telomeraz, follistatin, Klotho və PGC-1A kimi bioloji mexanizmlərlə bağlı tədqiqatlar gələcəkdə yaşlanmanı yavaşıtmaq və sağlam həyat müddətini artırmaq üçün yeni imkanlar yarada bilər. Bununla belə, bu sahədə aparılan araşdırmaların çoxu hələ eksperimental mərhələdədir.