Qafqaz News Manset.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Səudiyyə Ərəbistanı sahillərində bir neft tankerinin kimliyi hələ müəyyənləşdirilməyən iki sursatla vurulduğunu açıqlayıb.

Manset.az-ın xarici mediaya istinadən xəbərində qeyd olunur ki, hadisə Fars körfəzində baş verib və tanker kapitanı tərəfindən quruma məlumat verilib.

Açıqlamada deyilir ki, tanker Ras əl-Xəfci bölgəsindən 72 dəniz mili şimal-şərqdə yerləşən sahilə hədəflənən iki sursatın zərbəsinə məruz qalıb. Sursatların gəminin sol bortuna dəydiyi bildirilib. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmadığı vurğulanıb.

UKMTO bölgədən keçən gəmiləri ehtiyatlı olmağa çağırıb və şübhəli fəaliyyətlərlə bağlı quruma məlumat verilməsini tövsiyə edib.

Hücuma məruz qalan tankerin adı və bayrağı barədə informasiya açıqlanmayıb.

Qeyd edək ki, UKMTO əvvəlki gün axşam Hörmüz boğazında naməlum obyektin dəydiyi digər bir gəmi ilə bağlı da xəbər bildirmişdi.