Qafqaz News Demokrat.az-a istinadən xəbər verir ki, aliment necə hesablanır? — Açıqlama
Valideynin rəsmi iş yerinin olmaması onu övladı üçün aliment ödəmək öhdəliyindən azad etmir.
Bəs işləməyən və ya qeyri-rəsmi gəlir əldə edən valideyndən aliment necə tutulur? Belə hallarda alimentin məbləği necə müəyyən edilir və ödənişdən yayınan şəxsi hansı hüquqi məsuliyyət gözləyir?
Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, aliment nikahın pozulub-pozulmamasından asılı olmayaraq valideynlərin uşaqlarını saxlamaq vəzifəsindən irəli gələn məsələdir.
Onun sözlərinə görə, Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqları saxlamağa borcludurlar:
"Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən vəsait almaq hüququna malikdir. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur və onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.
Valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Beləliklə, əgər valideynlərdən biri uşağı atıb gedibsə, yaxud hansısa formada uşağın maddi təminatında iştirak etmirsə, digər valideynin ondan aliment tələb etmək hüququ vardır. Bunun üçün ilkin olaraq mediasiyaya müraciət edilməli, əgər mediasiya zamanı alimentlə bağlı saziş bağlamaq mümkün olmazsa, məhkəməyə müraciət edilə bilər.
Tərəflər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün valideynlərdən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə biri, iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə biri, üç və daha çox uşağa görə isə qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər.
Aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm və dəyişkən olarsa, yaxud qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləği şəklində də müəyyən edilə bilər.
Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas götürülərək müəyyən edilir.
Məhkəmə praktikasında bu məbləğ adətən həmin il uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddində müəyyən edilir.