Qafqaz News Yeniavaz.com-a istinadən xəbər verir ki, İran ABŞ-nin Tehranın maraqlarını nəzərə almadığı və tələblərini yerinə yetirmədiyi təqdirdə Vaşinqtonla razılığa gəlməyəcək.
Bu barədə bazar ertəsi İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
“ABŞ dəniz blokadasını aradan qaldırmayana və İranın qanuni tələblərini qəbul etməyənə qədər heç bir razılaşma əldə olunmayacaq. Hörmüz boğazı da açılmayacaq və təhlükəsiz olmayacaq”, – deyə Bəqayinin sözlərini “Əl-Cəzirə” telekanalı sitat gətirib.
Bəqayi bildirib ki, hazırda böhranın həlli üçün yeganə real təşəbbüs boğazın açılmasını nəzərdə tutan yeddi maddəlik plandır. Tehran bu təklifi BMT Baş Assambleyasının iclasları çərçivəsində İran nümayəndə heyətinin Nyu-Yorka səfəri zamanı Vaşinqtona təqdim edib. Onun sözlərinə görə, təklif hələ də qüvvədədir və “top Amerikanın meydançasındadır”.
İran tərəfinin planına əsasən, yeddi maddəlik təşəbbüsün həyata keçirilməsindən sonra tərəflər hərbi qarşıdurmaya səbəb olan problemlərin həllinə yönəlmiş danışıqlara başlaya bilərlər.
Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələri son aylarda İrana qarşı dəniz blokadası həyata keçirir. Bu addımların Tehrana ciddi iqtisadi zərbə vuracağı və onu Vaşinqtonla danışıqlarda güzəştlərə getməyə məcbur edəcəyi ehtimal olunur.