Türkiyəli məşhur aktyor Kadir İnanırın vəfatından sonra başlayan miras vəsiyyətnamə mübahisələri davam edir. Aktyorun həyat yoldaşı Jülide Kural ilə bacısı oğlu Levent İnanır arasında ittihamlar ardıcıl səslənir. Bu dəfə Levent İnanır ailə torpaqları, qiymətli zinət əşyaları və aktyorun ümumi sərvəti ilə bağlı əsaslı iddia səsləndirib.

Demokrat.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, 2015-cü ildə bir və 2022-ci ildə isə notarius vasitəsilə iki ayrı vəsiyyətnamə hazırlandığı bildirilir. Bununla belə, bəzi vərəsələrə məhkəmə bildirişlərinin çatdırılmaması səbəbindən vəsiyyətnamələrin açılması ilə bağlı proses dekabrın 17-nə təxirə salınıb.

Levent İnanır dayısının son illərdə ağır müalicə aldığına və qəbul etdiyi dərmanların davranışına təsir göstərə biləcəyinə diqqət çəkib. O, vəsiyyətnamələrin bir neçə dəfə dəyişdirilməsini şübhə altına alıb. İnanırın sözlərinə görə, Kadir İnanır sağlığında bəzi əmlaklarının idarə edilməsini ona həvalə etməyi planlaşdırıbmış.

Mübahisənin digər tərəfi aktyorun sərvəti ilə bağlıdır. Levent İnanır dayısının ümumi var-dövlətinin təxminən 5 milyon dollar olduğunu iddia edib. Buna qarşı Jülide Kural bununla əlaqədar olaraq aktyorun əmlakının birlikdə yaşadıqları ev, üç köhnə avtomobil və bank hesabındakı müəyyən məbləğdən ibarət olduğunu açıqlayıb.

Ailə arasında Ordu vilayətinin Fatsa rayonunda yerləşən, təxminən 200 illik olduğu bildirilen ata-baba torpaqları üzərində də mübahisə yaşanıb. Jülide Kural həmin ərazilərə iddiasının olmadığını və torpaqların Kadir İnanırın bacısı qızı Gül Bakara verilməsini təklif etdiyini bildirib. Levent İnanır isə bu qərarı müsbət qarşılayaraq ailə torpaqlarının nəsildə qalmasından məmnunluğunu vurğulayıb.

Həmçinin, Levent İnanır dayısına məxsus olduğunu iddia etdiyi “Patek Philippe” saatlarının, qızıl “Rolex” üzük və zinət-əlvanlarının taleyinin naməlum olduğunu deyib. Məhkəmənin əmlaka həbs qoyulması ilə bağlı qərarından sonra ev və seyfdə axtarışlar aparıldığını, lakin həmin əşyaların tapılmadığını bildirib.

Tərəflər arasında Kuralın Kadir İnanırın ölümündən sonra Bodruma getməsi və münasibətlərinin hüquqi statusu ilə bağlı münaqişə davam edir. Levent İnanır onun evlilik təklifi etdiyini, aktyorun isə bunu qəbul etmədiyini iddia edir. Jülide Kural isə münasibətlərin hüquqi statusdan asılı olmadan sevgi və qarşılıqlı etibardan qaynaqlandığını deyir.

Levent İnanır sosial şəbəkələrdə ona qarşı təşkilatlanmış hücumlar etdiyini iddia edib və hüquqi müstəvidə mübarizə aparacağını bildirib: “Trolları üstümə salmaqla məni susdura bilməzlər. Həqiqətləri trollarla ört-basdır etmək mümkün deyil.”

Qeyd edək ki, Jülide Kural da iddialarla bağlı hüquqi addımlar atacağını açıqlayıb. Hazırda diqqətlər dekabrın 17-də keçiriləcək vəsiyyətnamə məhkəməsinə yönəlmiş vəziyyətdədir.