QafqazNews Manset.az-a istinadən xəbər verir ki, GTA 6-ya həddən artıq aludəçilik psixoloji asılılıqla nəticələnə bilər. Moskva Dövlət Psixologiya və Pedaqogika Universitetinin “Ekstremal psixologiya” fakültəsinin dekanı, psixologiya üzrə fəlsəfə doktoru Dmitri Deulin bu halın əsas əlamətləri barədə danışıb.

Mütəxəssis oyun asılılığının göstəriciləri sırasında oyun barədə təkrarlanan və qarşısıalınmaz düşüncələri, oynamağı dayandıranda yaranan narahatlıq və ya aqressiyanı, oyuna ayrılan vaxtın artmasını və bu vaxta nəzarətin itirilməsini göstərib. Sosial əlaqələrin və digər maraqların zəifləməsi, reallıqdan yayınmaq və oyunla bağlı həqiqəti gizlətmək də əlamətlərə daxildir.

Deulinin bildirdiyinə görə, sadalanan göstəricilərdən ən azı beşinin bir il ərzində davam etməsi asılılığa işarə edə bilər. ABŞ Psixiatriya Assosiasiyasının DSM-5 təlimatında oyun pozuntusuna dair meyarlar yer alır. Ümumdünya Səhiyyə Təşkilatının Xəstəliklərin Beynəlxalq Təsnifatının 11-ci versiyasında isə oyuna nəzarətin itirilməsi, onun başqa maraqlardan üstün tutulması və zərərli nəticələrə rəğmən davam etdirilməsi əsas əlamətlər kimi müəyyənləşdirilib.

Psixoloq gənclərdə belə pozuntuların dünyada yayılma göstəricisinin 2-6 faiz olduğunu qeyd edib. 2026-cı ildə 6-18 yaşlı uşaqlar arasında aparılan araşdırmada göstərici 10 faiz olub. Oğlanlarda oyun asılılığı ehtimalı qızlara nisbətən təxminən 2,5 dəfə çoxdur. Deulin diaqnostikanın kifayət qədər aparılmamasının real səviyyənin statistikada görünəndən yüksək olması ehtimalını aradan qaldırmadığını vurğulayıb.

Onun fikrincə, oyun istehsalçıları da asılılığın yayılmasında maraqlı tərəf ola bilərlər. Deulin araşdırmalarda videooyunların yeniyetmələrdə aqressiyanın artması ilə əlaqəsinin üzə çıxdığını bildirib. Ekran qarşısında həddən artıq qalmaq isə narahatlıq, depressiv vəziyyətlər və yuxu problemləri ilə əlaqələndirilir.

Psixoloq uşaqları və yeniyetmələri risk qrupuna aid edib. O, valideynlər və müəllimləri mümkün asılılıq əlamətlərini vaxtında görmək üçün uşaqların davranışını müşahidə etməyə çağırıb.

Deulin onlayn oyunların başqa bir riskini də qeyd edib: çoxsaylı oyunçuların və icmaların olduğu platformalar dağıdıcı ideyaların gənclərə çatdırılması, onların ekstremist fəaliyyətə cəlb edilməsi üçün şərait yarada bilər.

Mütəxəssis hesab edir ki, kompüter oyunlarının aqressiv reklamı şəraitində rəqəmsal asılılığın qarşısını almaq üçün nəzərdə tutulan mexanizmlər çox zaman nəticə vermir. O, videooyun məzmununun cəmiyyətə təsirini müzakirə etmək və oyun bazarının tənzimlənməsi üzrə layihə hazırlamaq üçün xüsusi işçi komissiyanın yaradılmasını təklif edib.