QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) SƏTƏM üzrə əməkdaşlarının iştirakı ilə Azərsun Holdinqin Sumqayıtdakı istehsalat sahələrinə infotur keçirilib.

Səfərin məqsədi müəssisələrin işini, istehsalın gedişini, əməkdaşlar üçün yaradılan şəraiti və əməyin mühafizəsi istiqamətində görülən tədbirləri yerində öyrənmək, eləcə də əməkdaşlığın mümkün istiqamətlərini nəzərdən keçirmək olub.

İştirakçılar Azərsun Kağız və Karton İstehsalat Korporasiyasına daxil olan Xam Kağız Fabriki, Təmizlik Kağızları İstehsalı Fabriki və Təmizlik Vasitələri Fabrikində olublar. Qonaqlara istehsalat prosesi, texnologiyalar, təhlükəsizlik tələbləri və işçilər üçün təmin edilən şərait barədə məlumat verilib.

Diqqət mərkəzində fərdi mühafizə vasitələrinin tətbiqi, iş yerlərində qaydalara riayət edilməsi, əməkdaşların maarifləndirilməsi və təhlükəsiz iş mühitinin yaradılması olub. Həmçinin işçilərin gündəlik ehtiyacları üçün nəzərdə tutulan yeməkxanalar və digər sosial imkanlar nümayiş etdirilib.

Fabrik təmsilçiləri və SƏTƏM mütəxəssisləri görüşlərdə təhlükəsizlik prinsipləri, iş şəraiti və əməkdaşların rifahına yönəlmiş tədbirlər barədə danışıblar.

Tərəflər əməyin mühafizəsi və təhlükəsizliyi üzrə təcrübə paylaşımının, eləcə də birgə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini qeyd ediblər.

Təşəbbüs Azərsun Holdinq ilə AHİK arasında əlaqələrin inkişafına, istehsalatda təhlükəsiz əmək mühitinin təşviqinə və yeni birgə layihələr üçün imkanların müəyyən edilməsinə xidmət edir.

Azərsun Holdinq istehsalın inkişafı ilə yanaşı, bu prosesdə iştirak edən insanların sağlamlığına, təhlükəsizliyinə və rifahına da diqqət yetirdiyini bildirir.