QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, “Səhranın bəyaz günəşi” filmində Abdulla rolunu oynayan gürcü aktyor Kaxi Kavsadze 85 yaşında dünyasını dəyişib. Onun həyatında diqqət çəkən məqamlardan biri həyat yoldaşı Bella Mirianaşviliyə göstərdiyi sevgi və qayğı olub.

Kavsadze 22 yaşında ailə qurub. Bella əvvəlcə qız, daha sonra oğlan övladı dünyaya gətirib. İkinci hamiləliyi zamanı qripə yoluxan qadın körpəyə ziyan dəyməsin deyə antibiotik qəbul etməyib. Doğuşdan sonra xəstəliyin ağır fəsadları yaranıb: əvvəl ayaqları, ardınca isə əlləri iflic olub.

Ailə həyatı 26 il davam edib. Bunun 23 ilində Bella əlil arabasından istifadə edib. Kaxi isə həmin dövrü ömrünün ən xoşbəxt illəri sayırdı.

Aktyor həyat yoldaşına şəxsən qulluq edirdi. Onu tək qoymamaq naminə bəzən maraqlı rollardan da imtina edirdi. Yaxınlarının, dostlarının və həmkarlarının xatirələrində Kaxinin Bellaya münasibəti sevgi və sədaqətin nümunəsi kimi qalıb.

Bella da aktrisa olub. Sağlamlığındakı çətinliklərə baxmayaraq, o, gülümsəməyi və nikbinliyini qoruyub, şikayət etməyib. Bədbəxt adlandırılmaq ньа дə onu əsəbiləşdirirdi.

“Axı nə olub? Mənim yaraşıqlı, güclü ərim və iki gözəl övladım var. Siz məndən nə istəyirsiniz, insan hərtərəfli xoşbəxt olmalıdır?” – deyə Bella bildirib.

Kaxi həyat yoldaşının vəfat etdiyi anı belə yada salıb: “Mənim Bellam uzanmışdı. Ona suallar verməyə başladım, amma cavab gəlmirdi. Sonra rus dilində dedi: “Məni rahat burax, səadətdən məhrum etmə!” və gözlərini yumdu. Əvvəlcə düşündüm ki, yuxuya gedib. Beləcə, Bellamı itirdim”.