QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, aparıcılar Afaq Gəncəli və Tural Əsədovun AzTV-dən 35 min manat uduşun və 195 manat dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməyib. Ali Məhkəmə onların kassasiya şikayətini rədd edib, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb.
İş materiallarına görə, tərəflər arasında 2023-cü ildə müqavilə bağlanıb. Sənəd AzTV-də yayımlanan verilişdə iştirakla bağlı qarşılıqlı öhdəlikləri müəyyən edib. Müqavilənin 6-cı bəndində göstərilib ki, iştirakçının çəkildiyi şou hansısa səbəbdən efirə verilməzsə, uduş etibarsız sayılır.
Əsədov və Gəncəli həmin il AzTV-nin “Düşən Pullar” layihəsində iştirak ediblər. Müsabiqədə iştirakçılar suallara cavab verməklə təqdim olunan 100 min manatın mümkün qədər çox hissəsini qorumağa çalışıblar; yarışın sonunda saxlanılan məbləğ mükafat hesab olunub. Aparıcılar birgə iştirak etdikləri yarışda 35 min manat qazandıqlarını bildiriblər, lakin çəkiliş efirə çıxmadığı üçün pul onlara verilməyib.
AzTV məhkəmədə bildirib ki, həmin çəkilişin, eləcə də başqa iştirakçıların yer aldığı iki proqramın yazıldığı sərt disk sıradan çıxıb. Məlumatların itməsi nəticəsində verilişləri yayımlamaq mümkün olmayıb. QSC-nin açıqlamasına görə, diskdəki nasazlıq 2024-cü ildə proqram hazırlanarkən aşkarlanıb, bu barədə akt tərtib olunub və səbəb enerji şəbəkəsində yaranan problem olub.
Aparıcılar çəkilişdən sonra verilişin efirə gedəcəyi tarixlə bağlı onlara müxtəlif məlumatlar verildiyini, yayımla bağlı AzTV-yə dəfələrlə müraciət etdiklərini söyləyiblər. 2024-cü ildə nümayəndələri QSC-yə pretenziya göndərib. Cavabda qurum texniki nasazlığı əsas göstərərək müqavilənin 6-cı bəndinə istinad edib. Sonrakı cavabda isə iddiaçılara yenidən çəkilişdə iştirak imkanı yaratmağa hazır olduğu bildirilib.
Gəncəli və Əsədov məhkəmədən 35 min manat mükafatın və ödədikləri 195 manat dövlət rüsumunun QSC-dən alınmasını istəyiblər. Onlar müsabiqədə qalib gəldiklərini və çəkilişin efirə çıxmamasının mükafatı ödəməkdən imtina üçün əsas ola bilməyəcəyini müdafiə ediblər. AzTV isə müqaviləyə görə proqram yayımlanmadıqda uduşun etibarsız sayıldığını vurğulayaraq iddianı əsassız hesab edib.
Yasamal Rayon Məhkəməsi iddianı rədd edib. Birinci instansiya məhkəməsi QSC-nin iddiaçılara zərər vurduğunun və bununla bağlı səbəbli əlaqənin sübuta yetirilmədiyi qənaətinə gəlib. Məhkəmə həmçinin çəkilişin efirə çıxmamasının mübahisələndirilmədiyini və müqavilənin müvafiq bəndinə əsasən uduşun ödənilməməsinin əsaslı olduğunu qeyd edib.
Aparıcıların apellyasiya şikayəti qismən təmin olunub: Bakı Apellyasiya Məhkəməsi ilk qətnaməni ləğv etsə də, yeni qərarla iddianı yenidən rədd edib. Apellyasiya instansiyası müqavilədə ödənişin yalnız iştirakdan deyil, proqramın yayımlanmasından da asılı tutulduğunu bildirib. Məhkəmə, həmçinin həmin bəndin etibarlılığı və standart şərt sayılıb-sayılmaması məsələsinə hüquqi qiymət verilməli olduğunu qeyd edib.
Apellyasiya məhkəməsinin mövqeyinə görə, televiziya sahəsində peşəkar çalışan iddiaçılar istehsal prosesinin xüsusiyyətlərini və risklərini anlayıblar. Məhkəmə müqavilənin məqsədinin verilişin hazırlanaraq tamaşaçılara təqdim olunması olduğunu və yayımlanmadığı halda nəzərdə tutulan nəticənin baş verməyəcəyini iddiaçıların bilməməsinin inandırıcı görünmədiyini bildirib.
Afaq Gəncəli və Tural Əsədov apellyasiya qətnaməsindən kassasiya şikayəti verərək onun ləğvini və iddianın təmin edilməsini istəyiblər. Qarşı tərəf şikayətə etiraz edərək əvvəlki qərarın dəyişdirilmədən saxlanılmasını tələb edib. Ali Məhkəmə kassasiya şikayətini təmin etmədiyindən 35 min manat uduş və 195 manat rüsumun ödənilməsi tələbi rədd olunub.