QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azercell Telekom MMC-nin rəqəmsal transformasiya və idarəetmə təcrübəsi Filip Kotlerin həmmüəllifi olduğu “Məsuliyyətli idarəetmə: Müsbət dəyişikliklərə imza atan Azərbaycan şirkətləri” kitabında təqdim olunub.

Bir il ərzində hazırlanan nəşr Azərbaycan şirkətləri və təşkilatlarının strateji inkişaf, idarəçilik, əldə etdikləri nəticələr və cəmiyyətə töhfələri barədə məlumatı beynəlxalq biznes və akademik auditoriyaya çatdırmaq məqsədi daşıyır.

Azercell-ə ayrılan fəsildə şirkətin ənənəvi telekommunikasiya operatoru statusundan geniş rəqəmsal xidmət portfeli olan texnologiya şirkətinə çevrilməsi, bu dəyişikliyi mümkün edən strateji seçimlər və idarəetmə üsulları təsvir edilir. Rəqəmsal inkişaf nümunələri sırasında müştəri xidmətlərində süni intellektdən istifadə, robotik proseslərin avtomatlaşdırılması (RPA) ilə əməliyyat səmərəliliyinin yüksəldilməsi, bulud texnologiyaları vasitəsilə işçi təcrübəsinin yaxşılaşdırılması və “akart” fintek həllinin işə salınması göstərilir.

Azercell Telekom MMC-nin baş icraçı direktoru Zərinə Zeynalova bildirib ki, kitabda şirkətin 2025-ci ilədək rəqəmsal transformasiya sahəsində topladığı təcrübə yer alıb. Onun sözlərinə görə, hazırda Azercell daha geniş strateji hədəflərə doğru irəliləyir və süni intellekti fəaliyyətinin bütün sahələrinə daxil edən texnologiya şirkətinə çevrilir.

Zeynalova qeyd edib ki, bu məqsədlə biznes proseslərindən innovativ məhsul və xidmətlərin yaradılmasına qədər şirkətin fəaliyyəti əsaslı şəkildə yenilənir. O, texnologiyanın dəyərinin insanların həyatında yaratdığı müsbət dəyişikliklərdə, müştəri ehtiyaclarını qabaqlayan həllərdə və yeni rəqəmsal imkanlarda olduğunu vurğulayıb. Baş icraçı direktor təcrübəni beynəlxalq auditoriya ilə bölüşməklə qlobal rəqəmsal transformasiya müzakirələrinə töhfə vermək, Azərbaycanın texnoloji imkanlarını və innovasiya potensialının artımını dünyaya tanıtmaq niyyətini də ifadə edib.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və layihə iştirakçılarının birgə əməkdaşlığı ilə hazırlanan kitabın müəllifləri Filip Kotler, Tata Tcholaria və Gabriele Carbonidir. Liderlik üzrə ekspert və “The New York Times”ın bestseller müəllifi Marshall Goldsmith nəşrə ön söz yazıb.

Kitabın qlobal elektron kitabxanalarda və beynəlxalq təhsil platformalarında yayımlanması planlaşdırılır. Satışdan əldə ediləcək vəsait “Kashalata” və “Rotary Foundation” təşkilatlarının sosial təşəbbüslərinə yönəldiləcək.

Azercell bu nümunənin “Məsuliyyətli idarəetmə” (“Enlightened Management”) kitabında dərc olunmasına müstəsna icazə verib. Müəlliflik və əqli mülkiyyət hüquqları şirkətdə saxlanılır.