QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, bağçalarda çalışan təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanları 2026-cı il dekabrın 19-u və 20-də təşkil olunacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin bildirdiyinə görə, imtahanların bu tarixlərdə keçirilməsi prosesin səmərəli təşkili üçün tələb olunan texniki və təşkilati hazırlıqların vaxtında tamamlanmasına imkan verəcək.

İmtahan tarixi və digər zəruri məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndəriləcək.

Agentlik qeyd edib ki, qarşıdakı günlərdə iştirakçıların imtahana hazırlaşmasına dəstək məqsədilə müvafiq mövzular üzrə əlavə vebinar və görüşlərin keçirilməsi planlaşdırılır.

Sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşəyə yararlılığını qiymətləndirmək, peşəkar inkişafını dəstəkləmək, eləcə də təlim ehtiyaclarını müəyyənləşdirmək məqsədi daşıyır.