QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yorğun və yuxusuz halda avtomobil idarə etməyin sürücülər və digər hərəkət iştirakçıları üçün təhlükə yaratdığını bildirib.

İdarənin məlumatına əsasən, hər gün baş verən toqquşma, aşma və maneəyə çırpılma hadisələrinin təhlili sükan arxasına yorğun, yuxusuz və ya ciddi səhhət problemi ilə keçən şəxslərin az olmadığını göstərir.

BDYPİ qeyd edib ki, iş və istirahət rejiminə riayət etməyən, uzun müddət fasiləsiz avtomobil sürən, xüsusən gecə saatlarında və görünüşün məhdud olduğu şəraitdə yola çıxan sürücülər təhlükə yaradır.

Belə halların sərnişin və yük daşımaları ilə məşğul olan sürücülər arasında daha çox müşahidə olunduğu bildirilib. İdarənin vurğulamasına görə, bu, ağır və bəzən geri dönüşü olmayan nəticələrə səbəb olur.

BDYPİ sürücülərə yorğun, yuxusuz və əzgin olduqları zaman avtomobil idarə etməməyi, səhhətləri və əhvalları imkan vermədikdə səfəri təxirə salmağı tövsiyə edib. Uzaq məsafələrə gedərkən fasilə vermək, nəqliyyat vasitəsini təhlükəsiz yerdə saxlayaraq qısa müddət dincəlmək də məsləhət görülüb.

İdarə xatırladıb ki, sükan arxasında yuxuya getmək insan həyatı bahasına başa gələ bilər.