QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələri üzrə işə qəbulun elektron sənəd qəbulu mərhələsi noyabrın 27-də saat 15:00-da başlayacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, namizədlər dekabrın 4-ü saat 17:00-dək elektron qeydiyyatdan keçə bilərlər.
Müsabiqə mərkəzləşdirilmiş qaydada keçiriləcək və seçimlə müsahibə mərhələlərini əhatə edəcək. Seçim zamanı təqdim olunan məlumat və sənədlərin düzgünlüyü araşdırılacaq. Bu mərhələdən uğurla keçənlər müsahibəyə çağırılacaqlar.
Müsahibəyə dəvət qaydalara uyğun ardıcıllıqla həyata keçiriləcək. Namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, həmçinin sosial və emosional bacarıqları qiymətləndiriləcək.
Müsabiqənin nəticələri barədə məlumat namizədlərin “Şəxsi səhifə”sində yerləşdiriləcək.