QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Kamaləddin Qafarov Kəlbəcərin işğal dövründə üzləşdiyi dağıntılardan və rayonda aparılan quruculuq işlərindən danışıb. O bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 1993-cü il aprelin 2-də işğal edilən rayon uzun illər talan və dağıntılara məruz qalıb.

Deputatın sözlərinə görə, işğalçılar yaşayış məntəqələrini, sosial infrastrukturu və tarixi-mədəni irs nümunələrini dağıdıb, bölgənin təbii sərvətlərini qanunsuz mənimsəyiblər. Kəlbəcər sakinlərinin zorla yurdlarından çıxarılması və uzun müddət məcburi köçkün həyatı yaşaması Ermənistanın təcavüzkar siyasətinin ağır nəticələrindən olub. O qeyd edib ki, işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırma aparılması beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, Ermənistanın işğalçılıq niyyətini davam etdirdiyini göstərirdi.

Qafarov bildirib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək məqsədilə prinsipial mövqeyini qoruyub. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan 44 günlük Vətən müharibəsindəki Qələbə torpaqların işğalına son qoyub. Onun sözlərinə görə, müharibə zamanı Kəlbəcərin şimalında strateji yüksəkliklərin nəzarətə götürülməsi rayonun azadlığı üçün mühüm hərbi əhəmiyyət daşıyıb və Ermənistan silahlı qüvvələrinin həmin istiqamətdə hərəkətini ciddi şəkildə məhdudlaşdırıb.

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər noyabrın 25-də Azərbaycana təhvil verilib. Deputat bu nəticəni hərbi gücün, siyasi iradənin və düşünülmüş diplomatik strategiyanın vəhdəti ilə əlaqələndirib. O əlavə edib ki, 25 noyabrın Kəlbəcər şəhəri günü kimi qeyd olunması tarixi Qələbənin dövlətçilik yaddaşında yerini ifadə edir.

Millət vəkili işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Kəlbəcərdə görülən genişmiqyaslı bərpa və quruculuq işlərinin Azərbaycanın iqtisadi imkanlarını və strateji inkişaf məqsədlərini göstərdiyini vurğulayıb. Prezident İlham Əliyevin azad edilmiş ərazilərə mütəmadi səfərlərinin siyasi və mənəvi əhəmiyyət daşıdığını deyən Qafarov, dövlət başçısının layihələrlə yerində tanış olmasını, təməlqoyma və açılış mərasimlərində iştirakını quruculuğun dövlət səviyyəsində prioritet sayılmasının göstəricisi kimi dəyərləndirib. Onun fikrincə, bu səfərlər Azərbaycanın öz suveren ərazilərində bərpa və inkişaf işlərini kənar müdaxilə olmadan həyata keçirdiyini beynəlxalq ictimaiyyətə nümayiş etdirir.

Qafarovun sözlərinə görə, Kəlbəcərdə yolların, tunellərin, enerji obyektlərinin və yaşayış məhəllələrinin inşası gələcək iqtisadi inkişaf üçün imkanlar açır. Tərtər çayı və qollarındakı kiçik su elektrik stansiyalarının yenidən qurulması, eləcə də yeni enerji obyektlərinin yaradılması rayonun ölkənin enerji təhlükəsizliyinə töhfəsini artırır. İstisu mineral sularının istehsalının bərpası, müalicə-istirahət infrastrukturunun qurulması və turizmin genişləndirilməsi isə iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir.

Deputat qeyd edib ki, Kəlbəcərin inkişafı dağıdılmış infrastrukturu bərpa etməklə bitmir. Rayonda müasir şəhərsalma prinsiplərinə söykənən, ekoloji tarazlığı qoruyan və sakinlərin rahat yaşayışına imkan verən yeni model formalaşdırılır. Qafarov ən mühüm nəticələrdən birinin illər əvvəl yurdlarından didərgin düşmüş insanların mərhələli şəkildə geri qayıtması olduğunu bildirib. Onun sözlərinə görə, bu proses Prezident İlham Əliyevin rəhbərliyi ilə icra edilən Böyük Qayıdış strategiyasının real nəticəsidir.