QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Dövlət Komissiyasının təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) dəstəyi ilə qurumun Hərbi-Tibb baş idarəsində “Məhkəmə-genetik DNT analizi və DNT sübutları” mövzusunda ixtisaslaşmış kurs keçirilib.
Dövlət Komissiyasına daxil olan dövlət qurumları və struktur bölmələrin mütəxəssisləri dörd gün davam edən təlimdə iştirak ediblər. Proqramı molekulyar biologiya, tibbi genetika və məhkəmə genetikası üzrə ixtisaslaşan alim, Böyük Britaniyanın “Genecode Diagnostics” şirkətinin elmi direktoru doktor Andrey Semixodski hazırlayıb və aparıb.
Semixodski bu ilin oktyabrın 7-dən 10-dək Bakı Dialoqu çərçivəsində keçirilən, itkin düşmüş şəxslərə həsr olunan IV Beynəlxalq Konfransda da iştirak edib. Onun Azərbaycana təlim keçirmək üçün dəvət olunması həmin konfransda yaranan peşəkar əlaqələrin davamı, eləcə də beynəlxalq əməkdaşlığın praktik müstəvidə inkişafı kimi qiymətləndirilir.
Dərslər dörd əsas mövzunu əhatə edib. Оролышар DNT sübutlarının tarixi və tətbiqi, insan DNT-sinin məhkəmə-genetik tədqiqində müasir metod və texnologiyalar, genetik məlumat bazalarından istifadəyə dair beynəlxalq təcrübə, sübutların şərhi və statistik qiymətləndirilməsi barədə məlumat alıblar. Mürəkkəb ekspertizalar zamanı ortaya çıxan çətinliklər və onların aradan qaldırılması yolları da müzakirə olunub.
Təlimdə müasir elmi yanaşmalar və qabaqcıl beynəlxalq təcrübə praktiki biliklərlə birlikdə təqdim edilib. İnsan qalıqlarının tanınması, qohumluq əlaqələrinin müəyyənləşdirilməsi, zədələnmiş DNT nümunələrinin araşdırılması, ekspertiza nəticələrinin düzgün izahı, elmi əsaslılığının və etibarlılığının artırılması diqqət mərkəzində olub. İştirakçılar təcrübə və fikirlərini bölüşüb, suallarına ətraflı cavab alıblar. Kurs başa çatdıqdan sonra onlara xüsusi sertifikatlar verilib.
Dövlət Komissiyası itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışına, insan qalıqlarının tapılması, ekshumasiyası, rekonstruksiyası və identifikasiyasına cəlb edilən mütəxəssislərin hazırlığının artırılması üçün ardıcıl tədbirlər görür. Bu məqsədlə beynəlxalq konfranslar, ixtisaslaşmış kurslar, elmi-praktiki seminarlar, işçi görüşlər və digər mövzulu tədbirlər keçirilir. Müxtəlif ölkələrdən tanınmış alimlər, ekspertlər və yüksək ixtisaslı mütəxəssislər dəvət olunur.
Təşkil edilən tədbirlər peşəkar əlaqələri genişləndirməyə, bilik və təcrübə mübadiləsinə, xarici mütəxəssislərin imkanlarından yararlanmağa, eləcə də sonrakı mərhələlərdə təlim və ekspert məsləhətləşmələrinə cəlb olunmasına şərait yaradır. Əldə edilən bilik və bacarıqların praktiki işdə tətbiqi də bu fəaliyyətin məqsədləri sırasındadır.
Bundan əlavə, Komissiyanın tərkibindəki aidiyyəti qurum və struktur bölmələrin əməkdaşlarının xarici ölkələrdə keçirilən beynəlxalq təlimlərdə, ixtisasartırma kurslarında və təcrübə mübadiləsi proqramlarında iştirakı təmin olunur. Bu iş müasir elmi-texnoloji nailiyyətlərin və qabaqcıl təcrübənin milli praktikaya gətirilməsinə, beynəlxalq səviyyədə qəbul olunmuş yeni protokolların tətbiqinə və mövcud metodların təkmilləşdirilməsinə xidmət edir. Həmçinin tədqiqat və ekspertizaların keyfiyyətinin, dəqiqliyinin və etibarlılığının yüksəldilməsi hədəflənir.
Tədbirlərin əsas məqsədi itkin düşmüş şəxslərin axtarışını, qalıqların aşkarlanması və identifikasiyasını sürətləndirmək, kimliyi müəyyənləşdirilən şəxslərin qalıqlarını ailələrinə təhvil verməkdir. Onların müvafiq ehtiram göstərilməklə, dini ayinlərə və milli-mənəvi dəyərlərə uyğun dəfn olunması, həmçinin ailələrin itkin doğmalarının taleyini öyrənmək hüququnun təmin edilməsi də bu məqsədlərə daxildir.