QafqazNews Manset.az-a istinadən xəbər verir ki, heyvan və quşların saxlandığı tikililərin hündürlüyü onların növü və saxlanma şəraiti nəzərə alınmaqla tənzimlənəcək. Bununla bağlı qərar imzalanıb.
Qərara görə, quşların döşəmədə və ya qəfəslərdə saxlanıldığı binalar, həmçinin inkubator və inkubasiya zalları ən azı 3 metr hündürlükdə layihələndirilməlidir. Ölçü təmiz döşəmədən çıxıntılı konstruksiyanın alt səviyyəsinədək götürülür.
İribuynuzlu heyvan, donuz, qoyun və keçi saxlanan binaların hündürlüyü minimum 2,4 metr olmalıdır. İribuynuzlu heyvanlar qalın döşənək üzərində saxlanılırsa, tələb olunan göstərici 3,3 metr təşkil edir. Qoyunçuluq binalarında yamaclı damın yerləşdiyi uzununa divarların kənarında hündürlüyün 1,5 metrə qədər endirilməsinə icazə verilir.
Cins atların yetişdirildiyi təsərrüfatların tövlələri azı 3,5 metr, işçi və satış atları üçün nəzərdə tutulan yerlər isə 2,5 metr olmalıdır. Atların məşqi, sınağı, yəhərlənməsi və digər işlər üçün istifadə edilən manejlərdə minimum hündürlük 4,5 metr müəyyənləşdirilib. Cins dəvələrin saxlanıldığı yerlər üçün bu göstərici 3 metr, satış dəvələri üçün 2,7 metrdir.
Heyvandarlıq binalarında döşəmədən asma avadanlıq və kommunikasiya xətlərinin ən aşağı hissəsinədək məsafə 2 metrdən az ola bilməz. Quşçuluq binalarında insanların müntəzəm keçdiyi sahələrdə bu məsafə minimum 2,5 metr, az istifadə edilən keçidlərdə isə 1,8 metr olmalıdır.