Dövlət qurumları və vəzifəli şəxslərin ianə qəbuluna dair yeni məhdudiyyətlərin tətbiqi təklif olunub. Qaydalara əsasən, vəzifəli şəxslər qurumun fəaliyyəti ilə əlaqədar fiziki və hüquqi şəxslərdən ianə istəyə və ya tələb edə bilməyəcəklər.

Maraqlıdır ki, bu məhdudiyyətlər kimlərə şamil olunacaq və hansı hallarda ianə qəbuluna icazə veriləcək? İanə qəbulunun şərtləri necə olacaq sualları müzakirə mövzusudur.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı News24.az-a açıqlama verən hüquqşünas Ramil Osmanlı bildirir ki, vətəndaşların istənilən məqsədlə, o cümlədən sosial kampaniyalar təşkil etməklə ianə toplaması ilə bağlı qanunvericilikdə qadağa yoxdur. Ancaq əsas məsələ ondan ibarətdir ki, ianə kampaniyasını keçirən şəxs xəstəliyini təsdiq edən sənədləri təqdim etməlidir. Kampaniya başa çatdıqdan sonra toplanan vəsaitlə bağlı hesabat yayınlanmalı və bu hesabat ictimaiyyət üçün açıq olmalıdır.

Bundan əlavə, vətəndaşların göndərdiyi pullar fiziki şəxslərin bank kartlarına və ya hesablarına köçürüldüyü halda hüquq-mühafizə orqanları, o cümlədən Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar başlanıla bilər. Şəxs bu vəsaitlərin hansı məqsədlə toplandığını izah etməli və müvafiq hesabat təqdim etməlidir.

Hüquqşünas bildirib ki, ianələrin toplanması əsasən xeyriyyəçilik məqsədi daşıyan qeyri-hökumət təşkilatlarının, fondların və bu sahədə səlahiyyətli qurumların fəaliyyətinə aiddir. Nazirliklər tərəfindən bu sahədə müəyyən qaydalar təsdiq edilib.

Qeyri-hökumət təşkilatlarının və fondların ianələri nağd şəkildə deyil, yalnız bank hesabları vasitəsilə qəbul edə bilmələri ilə bağlı xarici dövlətlərin qaydalarına da riayət edilməlidir. Bu qaydalar üzrə məlumatlar təqdim olunmalı və əməl edilməlidir.