Azərbaycanda bazarda rəqabətin zəif olması, məhsul və xidmətlərin bəzi şirkətlərin nəzarətində cəmləşməsi qiymətlərin yüksəlməsinə və uzun müddət yüksək səviyyədə qalmasına səbəb ola bilər. Bu vəziyyətdə kiçik sahibkarların bazara çıxış imkanlarının məhdudlaşması, məhsulların istehsalçıdan istehlakçıya çatdırılması zamanı yaranan məsələlər və vasitəçilərin çoxluğu da qiymətlərə təsir edir.

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, rəqabət mühitinin zəifliyini yalnız bazarın və ya şirkətlərin sayının çoxluğuyla əlaqələndirmək düzgün deyil. Onun sözlərinə görə, rəqabətin əsası məhsulun keyfiyyətindən irəli gəlməlidir. Həmçinin, bazarda məhsulun keyfiyyətinin yanında satışa çıxarılması və istehlakçıya çatdırılması ilə bağlı problemlər də nəzərə alınmalıdır.

Ekspert vurğulayıb ki, rəqabətlə bağlı problemlərdən biri məhsulların bazara çıxarılmasında yaranan çətinliklərdir. İstehsalçıların məhsulları birbaşa satışa çıxara bilməməsi, saxlanc imkanlarının məhdudluğu və digər maneələr bazarda qiymət fərqlərinin artmasına gətirib çıxara bilər.

Günay Hüseynova bu məsələlərin aradan qaldırılması üçün qısamüddətli vergi güzəştləri, saxlanc anbarlarının sayının artırılması və istehsalçıların məhsullarını birbaşa bazara çıxarmasına yaradılan süni maneələrin aradan qaldırılmasını təklif edir. Ekspert hesab edir ki, bu tədbirlər satış imkanlarını genişləndirə, itkiləri azalda və istehsalçı ilə istehlakçı arasındakı əlaqəni asanlaşdıra bilər.

İqtisadçı-ekspert əlavə edir ki, azad bazar iqtisadiyyatında satıcı öz məhsulunu istənilən qiymətə təklif edə bilər. Lakin əsas diqqət ilkin satış qiyməti ilə son olaraq istehlakçıya təqdim olunan qiymət arasındakı fərqin həddidir. O, “ilk satıcıdan alınan qiymət ilə son satış qiyməti arasındakı fərqin yüksək olmaması” məsələsini ön plana çəkir.

Günay Hüseynova hesab edir ki, qiymətlərin formalaşmasına nəzarəti gücləndirmək üçün elektron sistemə keçid və hər bir məhsulun elektron qeydiyyatının aparılması məqsədəuyğun olar. Belə bir sistem məhsulların hərəkətini izləməyə, ilkin və son satış qiymətləri arasındakı fərqi müəyyənləşdirməyə, eləcə də qiymət artımının səbəblərini daha aydın görməyə imkan verəcək.

Nəticə olaraq, bazarda sağlam rəqabətin formalaşması üçün yalnız inhisarçılıqla mübarizə deyil, həm də istehsalçıların bazara çıxış imkanlarının genişləndirilməsi, saxlanc infrastrukturunun inkişafı, vergi güzəştlərinin nəzərdən keçirilməsi və elektron uçot sisteminin tətbiqi vacib amillər kimi çıxış edir.