Noyabr ayı üzrə hava proqnozu Milli Hidrometeorologiya Xidməti tərəfindən açıqlanıb. Yeniavaz.com xəbər verir ki, payızın son ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi müşahidə olunacaq. Tutqun və buludlu günlərin sayının artması, soyuq hava kütlələrinin ərazilərə tez-tez daxil olması ilə temperaturun aşağı düşməsi ehtimal edilir.
İl üzrə proqnoza görə, noyabr ayında orta aylıq temperatur əsasən iqlim normasına yaxın səviyyədə olacaq, bəzi ərazilərdə isə norma ilə müqayisədə bir qədər yüksək də ola bilər. Aylıq yağıntı da əsasən iqlim normasına yaxın, bəzi bölgələrdə isə bir qədər çox gəlməsi ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 10-13 dərəcə isti, gecələr 10-15 dərəcə, gündüzlər isə 16-21 dərəcə isti olacağı ehtimal edilir. Aylıq yağıntı norma daxilində olacaq (norma 28-38 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında orta aylıq temperaturun 7-9 dərəcə isti olacağı gözlənilir. Gecələr 5-10, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 14-19 dərəcə isti, aylıq yağıntı isə norma yaxın olacaq (norma 18-28 mm).
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturu 5-9°C arasında proqnozlaşdırılır. Gecələr 3-8, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 10-15 və bəzən 1-5 dərəcə isti olacaq. Yağıntı iqlim normasına yaxın səviyyədə gözlənilir (norma 27-34 mm).
Şərqi Zəngəzur bölgəsində Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında orta aylıq temperaturunun 6-9 dərəcə isti olması proqnozlaşdırılır. Gecələr 3-8, bəzi günlərdə 1-5 dərəcə şaxta, gündüzlər 11-16, bəzən 2-5 dərəcə isti olacaq. Aylıq yağıntı norma ilə yaxın səviyyədə olacaq (norma 34-35 mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında orta aylıq temperaturunun 8-11 dərəcə isti olması gözlənilir, gecələr 7-12, gündüzlər 15-20 dərəcə isti. Yağıntı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 15-24 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturu 6-9 dərəcə isti olacaq. Gecələr 4-9, gündüzlər 15-20 dərəcə isti, dağlarda gecələr 1-5 dərəcə isti və bəzən 5-10 dərəcə şaxta müşahidə edilə bilər. Aylıq yağıntı norma ilə yaxın olacaq (norma 29-73 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında orta aylıq temperaturunun 10-12 dərəcə isti olması proqnozlaşdırılır. Gecələr 9-14, gündüzlər 16-21, bəzi günlərdə 24 dərəcə isti görülə bilər. Yağıntı iqlim normasına yaxın səviyyədə olacaq (norma 25-45 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında orta aylıq temperaturu 7-12 dərəcə isti aralığında qiymətləndirilir. Gecələr 9-14, gündüzlər 15-20, dağlarda gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 1-4 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti olacaq. Aylıq yağıntı norma ilə yaxın gələcək (norma 55-170 mm).