QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, ilahiyyatçı Ağa Hacıbəyli falçılıq və cadugərlik adı altında fəaliyyət göstərən şəxslərin insanların psixologiyasına təsir edərək onların maddi imkanlarından yararlandığını bildirib. O, bu cür təsirlərdən qorunmaq üçün maarifləndirmənin əhəmiyyətini vurğulayıb.
Cəmiyyətdə nəzər, cadu, fal və müxtəlif inanclarla bağlı təsəvvürlər geniş yayılıb. Bəzi şəxslər üzləşdikləri problemlərin səbəbini bu amillərdə görür və çıxış yolu tapmaq ümidi ilə falçılara üz tuturlar. Ağa Hacıbəyli dini inancın əsasları ilə xalq arasında dolaşan xurafat arasında ciddi fərq olduğunu qeyd edib.
İlahiyyatçının sözlərinə görə, İslamın əsasları Qurani-Kərimə və Məhəmməd peyğəmbərin (s.ə.s.) əxlaq nümunəsinə söykənir. Müsəlmanın başlıca vəzifəsi Allahın vəhyini doğru oxumaq, dərk etmək və gündəlik həyatında tətbiq etməkdir. İslam insanı mənəvi rahatlığa, səadətə, çətinlik və müsibətlər zamanı səbirli, təmkinli olmağa yönəldir.
Hacıbəyli bildirib ki, xurafat və cəhalət dini dəyərlərin elmi və məntiqi dayağı olmayan düşüncələrlə qarışdırılması nəticəsində meydana çıxır. Onun sözlərinə görə, dini mənbələrə əsaslanmayan, “babalarımız belə deyib”, “nənələrimiz belə söyləyib” və ya “qonşumuz belə danışıb” yanaşmaları ilə yayılan yanlış inanclar çoxdur. Həqiqəti qəbul etməyin çətin, xurafatın isə asan və cəlbedici göründüyünü deyən ilahiyyatçı, bu inancların insanlara qısa yol vəd etdiyini vurğulayıb.
O qeyd edib ki, çətinliklərdən tez qurtulmaq istəyi də xurafatın yayılmasına zəmin yaradır. Xəstələnən şəxs həkimə müraciət etməli, müayinə olunmalı və uyğun müalicə almalıdır. Bunun əvəzinə bəziləri sürətli, möcüzəvi çıxış yolu axtararaq falçı və cadugərlərə gedir.
Ağa Hacıbəylinin fikrincə, cadu və fal adı ilə insanların ümidlərindən yararlananlar onları aldatmaqla yanaşı, cəmiyyətin inkişafına da əngəl törədir. O, elm və texnologiyanın sürətlə irəlilədiyi indiki dövrdə belə tanınmış şəxslərin falçılara müraciət etdiyini söyləyib və bunu maarifləndirmə ehtiyacının göstəricisi kimi dəyərləndirib.
İlahiyyatçı xurafatla dini inancı ayırmaq üçün meyarın mənbə olduğunu bildirib. İslamın müəyyən qaynaqları, elmi və mənəvi əsasları, iman və İslam şərtləri var. Xurafatın isə etibarlı mənbəyi, elmi dayağı və mötəbər dini istinadı yoxdur. Hacıbəyli İslamın elm və irfana əsaslandığını, haqqla batilin bir-birindən aydın şəkildə seçildiyini deyib.
O, medianın bu sahədə vacib rola malik olduğunu qeyd edərək, gənclərin düzgün düşüncə formalaşdırması və falçıların, cadugərlərin tələlərindən yayınması üçün maarifləndirmənin genişləndirilməsinə çağırıb.
Ağa Hacıbəyli Qurani-Kərimin ilk əmrinin oxumaq olduğunu xatırladıb. Onun sözlərinə görə, Allahın adı ilə oxumaq insanı elmə, düşüncəyə və səcdəyə aparır, falçı və cadugərlərin fəaliyyəti isə insanı Allahdan, cəmiyyətdən və mənəvi dəyərlərdən uzaqlaşdırır. Bu şəxslərin insanların var-dövlətinə əl qoyduğunu və psixologiyalarını ələ keçirdiyini bildirən ilahiyyatçı, belə tələlərdən qorunmaq üçün aydın düşüncə və maarifləndirmənin vacibliyini vurğulayıb.