QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, İman və Bəhrəm Məmmədzadə qardaşları uşaqlıqdan təhsil və tələbəlik illərinə, daha sonra isə Vətən müharibəsindəki döyüş yoluna qədər həyatlarının bir çox mərhələsini birlikdə keçiriblər. Ataları Elman Məmmədov oğullarının son söhbəti və döyüşlərdə yaşananlar barədə danışıb.
Elman Məmmədov bildirib ki, sonuncu fotoları qardaşlar evdən müharibəyə yollanarkən çəkdiriblər. O, övladları ilə hər zaman fəxr etdiyini, şəkillərinə baxanda da eyni qüruru hiss etdiyini deyib.
Atanın sözlərinə görə, oğulları Rusiyada təhsil alıb, analarına çox bağlı olublar. Müharibəyə də birgə gediblər. Döyüş zamanı hər gün analarına zəng edərək yaxşı olduqlarını bildiriblər, lakin bu zənglər cəmi 30 gün davam edib.
Elman Məmmədov oğulları ilə son dəfə şəhid olduqları gün danışdığını söyləyib. Onların söhbət zamanı “Ana sənə əmanətdir, ata, qismət olsa, görüşəcəyik” dediklərini xatırladıb.
Atasının bildirdiyinə əsasən, danışıqdan az sonra qardaşlar Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində yüksəkliklərdən birinə qalxarkən mühasirəyə düşüblər. 14 nəfərlik dəstənin 11 üzvü şəhid olub. Qardaşlar 44 günlük müharibənin 30 günündə çiyin-çiyinə döyüşüblər və eyni vaxtda həlak olublar.
İman Məmmədzadə 1998-ci il sentyabrın 14-də Lerik rayonunun Kəlvəz kəndində, Bəhrəm Məmmədzadə isə 2000-ci il aprelin 18-də həmin kənddə doğulub. Hər ikisi subay olub. Qardaşlar 2020-ci il noyabrın 2-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda döyüşlərdə şəhid olublar.
Ölümlərindən sonra Prezident İlham Əliyevin sərəncamları ilə hər iki qardaş 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.