QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanda şəkərli diabet xəstələrinin dərman, insulin, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı, eləcə də illik tibbi yardımın həcmi yenidən müəyyənləşdirilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Sənədə əsasən, dəyişikliklər həkim konsultasiyalarının dövriliyini, insulin və şəkərsalıcı preparatların miqdarını, qlükometr və test-strip verilməsini, uşaqlar üçün sensor və insulin pompalarını, həmçinin pulsuz dərmanların əldə olunması qaydasını əhatə edir.
**Endokrinoloq müayinələrinin dövriliyi**
Birinci tip diabet xəstələri, eləcə də insulin istifadə etməyən ikinci tip xəstələr üç ayda bir endokrinoloqa müraciət edəcəklər. İnsulinə ehtiyacı olan ikinci tip diabet xəstələri üçün konsultasiya ayda bir dəfə keçiriləcək.
Əvvəl qüvvədə olan qaydalar birinci tip diabet xəstələrinin aylıq, insulin qəbul etməyən ikinci tip xəstələrin isə iki aydan bir müayinəsini nəzərdə tuturdu. İllik tibbi xidmətlər siyahısına ümumi cərrahın konsultasiyası da əlavə edilib: hər iki tip diabet xəstələri ildə bir dəfə bu müayinədən keçəcəklər.
**İnsulinin təminat normaları**
Birinci tip diabet xəstələrinə həkimin təyinatı və klinik göstərişlər əsasında gündəlik 80 vahidədək insulin veriləcək. Cinsi yetişkənlik mərhələsində olan uşaqların ehtiyacına uyğun gündəlik hədd 100 vahidədək müəyyənləşdirilib.
İnsulin qəbul edən ikinci tip xəstələr üçün kombinə edilmiş terapiyada gündə 40 vahid, həkim göstərişi və klinik ehtiyac olduqda isə 80 vahidədək insulin nəzərdə tutulur. İnsulinə ehtiyacı olmayan ikinci tip xəstələrə insulin ayrılmayacaq.
Təminatın bazal insulin hissəsi 40 və ya 50 faiz, bolyus insulin hissəsi isə xəstənin ehtiyacına görə 50 və ya 60 faiz təşkil edəcək. Qərarda qeyd olunur ki, birinci tip diabet xəstələrinin gündəlik insulin tələbatı yaş, çəki, böyümə dövrü, hormonal dəyişikliklər və qlükoza göstəricilərinə görə dəyişə bilər. Müalicə fərdi qaydada, hər kiloqram çəkiyə 1-2 vahid prinsipi nəzərə alınmaqla və həkim təyinatı əsasında tənzimlənməlidir.
**Şəkərsalıcı dərmanlar və GLP-1 preparatları**
Yenilənmiş təminat siyahısına sulfanilsidik cövhəri törəmələri, biquanidlər, SGLT-2 inhibitorları və kombinə edilmiş dərmanlar daxil edilib. İnsulin qəbul etməyən ikinci tip xəstələrə gündə üçədək həb, insulin istifadə edənlərə isə gündə iki həb hesabı ilə il ərzində 730 həb veriləcək. Birinci tip xəstələr bu həblərlə təmin olunmayacaqlar.
GLP-1 reseptor aqonistləri də siyahıya əlavə edilib. İnsulin istifadə etməyən ikinci tip xəstələr həmin preparatları endokrin xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası üzrə ixtisaslaşmış dövlət tibb müəssisəsinin rəyi və həkim göstərişi əsasında ala biləcəklər. İnsulin qəbul edən ikinci tip xəstələrə preparatlar klinik göstəriş və həkim təyinatı ilə veriləcək. Birinci tip diabet xəstələri üçün bu dərmanların təminatı müəyyən edilməyib.
**Şpris, qələm ucluğu və qlükometr təminatı**
Birinci tip diabet xəstələrinə insan insulini istifadə etdikdə ildə 144 birdəfəlik şpris veriləcək. İnsulin qələmi ucluqlarının illik miqdarı yetkinlər üçün 365, 0-18 yaşlı uşaqlar üçün 730 ədəd olacaq. Beləliklə, uşaqların gündəlik orta norması iki ucluq, böyüklərin norması isə bir ucluqdur.
İnsulinə ehtiyacı olan ikinci tip diabet xəstələrinə ildə 144 şpris və 365 qələm ucluğu ayrılacaq. İnsulin istifadə etməyən ikinci tip xəstələr bu vasitələrlə təmin edilməyəcək.
Hər üç kateqoriyadan olan xəstələrə qlükometr üç ildən bir veriləcək. İstifadə müddəti başa çatdıqda cihaz yenilənməlidir. Yeni cihazda nasazlıq yarandığı halda, onu təqdim edən tibb müəssisəsi məsələni araşdıraraq cihazı dəyişməlidir.
Hər qutuda 50 test-strip olmaqla, birinci tip diabet xəstələrinə ayda bir qutu, ildə 600 ədəd veriləcək. İnsulin qəbul etməyən ikinci tip xəstələrə iki ayda bir qutu, illik 300 ədəd, insulin istifadə edənlərə isə ayda bir qutu, ildə 600 ədəd nəzərdə tutulub.
**Uşaqlar üçün sensor və insulin pompası**
Birinci tip diabetli 3-18 yaşlı uşaqlar, cihazın istifadəsinə rəsmi icazə verilən yaş həddi nəzərə alınmaqla, davamlı qlükoza monitorinqi üçün ayda iki sensorla təmin olunacaqlar. Bu, il ərzində 24 sensor deməkdir. Sensorlar qlükoza səviyyəsini davamlı izləməyə və gün ərzindəki dəyişiklikləri görməyə imkan verir. İkinci tip xəstələrə bu cihazlar verilməyəcək.
Həkim təyinatı ilə aşağı dozada insulinə ehtiyacı olan 0-7 yaşlı birinci tip diabetli uşaqlara insulin pompası ayrılacaq. Dövlətin pompa ilə təmin etdiyi birinci tip xəstələrə cihazın işləməsi üçün lazım olan sərf materialları da veriləcək. İkinci tip diabet xəstələri üçün pompa və onun sərf materialları nəzərdə tutulmayıb.
**Uçot, elektron resept və dərmanların verilməsi**
Diabet xəstələri yaşadıqları ərazi üzrə poliklinikanın endokrinoloji kabinetində və ya endokrin xəstəliklər üzrə ixtisaslaşan dövlət tibb müəssisəsində uçota götürüləcəklər.
Əvvəl reseptlər iki nüsxədə kağız formasında hazırlanırdı. Yeni qaydaya görə, resept elektron sənəd kimi tərtib olunacaq. Onu xəstənin yaşadığı ərazidəki poliklinika və ya rayon xəstəxanasının ailə həkimi — sahə terapevti və ya pediatr — endokrinoloqun müəyyən etdiyi müalicə sxeminə uyğun olaraq ayda bir dəfə yazacaq.
Resept hazırlanarkən xəstənin səhhətində dəyişiklik və ya şikayət müəyyən edilərsə, ailə həkimi onu ixtisaslaşmış tibbi xidmət üçün endokrinoloqa yönləndirəcək.
Dərmanlar və tibbi vasitələr endokrinoloji mərkəzlərin aptek bölmələrindən, yaxud TƏBİB-in müəyyən etdiyi siyahıdakı dövlət tibb müəssisələrinin aptek məntəqələrindən resept əsasında veriləcək. Əvvəl bu təminat müalicə-profilaktika müəssisəsinin müqavilə bağladığı aptekdən həyata keçirilirdi.
**Təminat xərclərinin ödənilməsi**
Pulsuz insulin, şəkərsalıcı dərman, inyeksiya və özünənəzarət vasitələrinin dəyəri bundan sonra “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına qarşılanacaq. Əvvəllər xərclər Səhiyyə Nazirliyi üçün ayrılan vəsaitdən ödənilirdi.