QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, noyabrın 26-da Azərbaycanın əksər bölgələrində yağışlı, küləkli hava hökm sürüb, dağlıq ərazilərdə qar yağıb.
Milli Hidrometeorologiya Xidmətinin bildirdiyinə görə, bəzi yerlərdə yağıntı intensiv olub və şimşək çaxıb. Yağış gecədən başlayaraq tədricən dayanıb.
Ən yüksək yağıntı göstəricisi Qax rayonunun Sarıbaş kəndində qeydə alınıb: 15 millimetr. Qobustanda və Şəkinin Kişçay ərazisində 11, Zaqatalada 10, Balakəndə 9 millimetr yağıntı düşüb. Beyləqan, Zərdab, Kürdəmir, Tovuz və Lerikdə bu göstərici 8 millimetr olub.
Bakıda və Abşeron yarımadasında da yağış yağıb. Paytaxtda 4 millimetr yağıntı qeydə alınıb.
Bəzi ərazilərdə qərb küləyi güclənib. Küləyin sürəti Oğuzda saniyədə 21 metrə, Daşkəsən, Bərdə və Şəkidə 20 metrə, Goranboyda 19 metrə çatıb. Naftalan və Tərtərdə maksimal sürət saniyədə 18 metr olub.