QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Səbail rayonunda tarixi binanın giriş qapısının dəyişdirilməsi ilə bağlı görüntülərin yayılmasından sonra Bakı Şəhər İcra Hakimiyyəti araşdırma aparıb və müdaxilənin aradan qaldırılması üçün tədbirlər görüb.

Üzeyir Hacıbəyli küçəsi 9 ünvanındakı yerli əhəmiyyətli memarlıq abidəsində qanunsuz dəyişiklik edildiyi müəyyənləşdirilib. Binanın birinci mərtəbəsindəki tarixi qapı sökülərək müasir şüşə konstruksiya quraşdırılıb.

Araşdırmadan sonra giriş qapısı əvvəlki halına gətirilib, binanın ilkin memarlıq görünüşü bərpa olunub. Obyektin sahibinə tarixi və mədəni irs nümunələrinə icazəsiz müdaxilənin yolverilməz olduğu bildirilib, belə halların təkrarlanmaması barədə rəsmi xəbərdarlıq edilib.

Bakı Şəhər İcra Hakimiyyəti xatırladıb ki, tarixi abidələrdə təmir, yenidənqurma və dəyişiklik işləri qanunvericiliyə uyğun, aidiyyəti qurumlarla razılaşdırılmaqla aparılmalıdır.