Sink çatışmazlığı Kron xəstəliyi və xoralı kolit kimi iltihabi bağırsaq xəstəliklərinin kəskinləşməsi ilə əlaqəli ola bilər. BAKU.WS xəbər verir ki, britaniyalı alimlərin apardığı araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub. Tədqiqatçılar sinkin bağırsaq sağlamlığına təsiri ilə bağlı mövcud elmi məlumatları nəzərdən keçirməklə, iltihabi bağırsaq xəstəliklərindən əziyyət çəkən pasiyentlər arasında sink çatışmazlığının geniş yayılmış olduğunu ortaya qoyublar. Nümunələr göstərir ki, sink bağırsaq barerinin qorunması, selik ifrazatı və immun reaksiyaların tənzimlənməsində önəmli rol oynayır; çatışmazlıq isə bu funksiyaları zəiflədərək bağırsaq toxumalarını iltihab və zədələnmələrə qarşı daha həssas edə bilir. Araşdırmalar qanda sink səviyyəsinin aşağı olmasının xəstəliyin kəskinləşməsi, xəstəxanaya yerləşdirilmə və cərrahi müdaxilə ehtimalının artması ilə əlaqəli olduğunu göstərib. Bu əlaqə Kron xəstəliyindən əziyyət çəkənlər arasında daha aydın müşahidə olunub. Lakin alimlər vacib məqama da işıq salıblar: iltihabın özü də qanda sinkin səviyyəsini aşağı sala bilər. Buna görə də aşağı göstərici hər zaman orqanizmdə həqiqi sink çatışmazlığının olduğunu göstərmir və aktiv xəstəliyin nəticəsi də ola bilər. Tədqiqatçılar hesab edirlər ki, iltihabi bağırsaq xəstəlikləri olan pasiyentlərdə sink çatışmazlığının vaxtında müəyyən edilməsi və aradan qaldırılması tibbi nəzarətin bir hissəsi olmalıdır. Bununla belə, hazırda sink qəbulunun öz-özlüyündə xəstəliyin kəskinləşməsi riskini azaltdığı və ya mövcud gedişatı yaxşılaşdırdığına dair kifayət qədər sübut yoxdur.