QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin Perinatal Mərkəzində yenidoğulmuşların eşitmə qabiliyyətini yoxlamaq üçün audiometriya müayinələri aparılır. Bu test mümkün pozuntuların erkən müəyyənləşdirilməsinə xidmət edir.

Audiometriya neonatal skrininq müayinələrinə daxildir. Prosedur ağrısızdır, bir neçə dəqiqə çəkir və adətən körpə dünyaya gəldikdən 12 saat sonra həyata keçirilir.

İlkin testin nəticəsi qənaətbəxş olmadıqda mümkün səbəblər araşdırılır, daha sonra müayinənin katamnestik kabinetdə yenidən aparılması məsləhət görülür. Təkrar yoxlamanın nəticəsi də qənaətbəxş olmazsa, uşaq ətraflı müayinə üçün surdoloji mərkəzə göndərilir.

Hesabat müddətində Sumqayıt Tibb Mərkəzinə tabe olan tibb müəssisələrində və ambulator kabinetdə ümumilikdə 2508 uşağa audiometriya müayinəsi aparılıb. Onlardan 1260-ı Sumqayıt Perinatal Mərkəzinin stasionarında, 750-si 1 nömrəli Şəhər Xəstəxanasının doğum şöbəsində, 498-i isə ambulator kabinetdə yoxlanılıb.

Ambulator kabinetə müraciət edən uşaqlardan 150-si özəl tibb müəssisələrindən, 90-ı isə başqa tibb mərkəzlərindən yönləndirilib.

Eşitmə skrininqi pozuntuların vaxtında aşkarlanmasına və uşaqların zəruri müayinələrə erkən cəlb olunmasına şərait yaradır.